“Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi?”. Bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağda yeni soyqırımın olmasından qorxduğu barədə səsləndirdiyi fikirlər tamamilə yalandır: “Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər”.
Həqiqətən də regionda bir millətin belə üstünlük təşkil etdiyi Ermənistan kimi ikinci ölkə yoxdur. Bölgədə elə bir ölkə yoxdur ki, əhalisinin 99 faizi eyni millət olsun. Nəzərə almaq lazımdır ki, Qafqazda müxtəlif millətlər yaşayırlar. O baxımdan Ermənistan kimi monoetnik dövlət bu qədər multikultural ölkələrin arasında necə mövcud ola bilər?
“Müxtəlif formada Ermənistanı himayə ediblər”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynov Ermənistan kimi monoetnik ölkənin Qafqazda mövcud olmasının səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla Ermənistan süni əsaslarla yaradılan dövlətdir. Onlar tarixən Cənubi Qafqazda yaşamayıblar. Sadəcə, ermənilər rus imperiyasının regionda maraqları naminə bölgəyə köçürülüblər. Regionun dini-etnik tərkibini dəyişməkdən ötrü. Daha sonra onlar regionda yaşayanların başına bəla olublar. Ermənistan həmsərhəd olduğu 4 ölkədən 3-nə qarşı ərazi iddiaları ilə çıxış edir. Harada kompakt erməni yaşayırsa, orada potensial separatizm ocağı yaranır. Gürcüstanın Axalkalaki bölgəsində yaşayan ermənilər zaman-zaman separatizm fəaliyyəti ilə məşğuldurlar. Şimali Qafqazın Stavropol, Krasnodar vilayətində çoxsaylı erməni yaşayır. Artıq neçə vaxtdır ki, sözügedən yerlərdə ermənilər separatçılıq fəaliyyətini genişləndirirlər. Sadəcə, güclü Rusiya faktoru səbəbindən elə də əl-qol aça bilmirlər. Rusiya zəifləyən kimi, onlar açıq müstəvidə mübarizəyə başlayacaqlar. Çünki erməni milləti nankor və xəyanətkardır. Sovet dönəmində Ermənistanda azərbaycanlılar, ruslar, kürdlər və digər millətlərin nümayəndələri yaşayırdılar. Ermənistan müstəqillik əldə etdikdən sonra bütün digər millətləri ölkədən qovdu. Azərbaycanlılar ondan bir qədər əvvəl qovuldular. İndiyə qədər heç bir Avropa təsisatı bu ölkənin monoetnik tərkibə malik olmasının səbəbini təftiş etməyib. Niyə? Ona görə ki, bunda maraqlı olmayıblar. Hər vasitə ilə ermənilərin etdiyi cinayətləri, apardıqları etnik təmizləmə siyasətini və digər neqativ fəaliyyətlərini görməzdən gəliblər. Müxtəlif formada Ermənistanı himayə ediblər. Bax, bütün bunların nəticəsidir ki, Ermənistan kimi monoetnik dövlət regionda bu qədər multikultural ölkənin arasında mövcudluğunu qoruyub saxlayır. Səbəb bununla bağlıdır”.
Siyasi ekspert hesab edir ki, bu cür ədalətsiz yanaşma davam etdikcə, ermənilər öz mənfur əməllərini davam etdirəcəklər.
Vidadi ORDAHALLI