Cəbhədəki uğursuzluqların fonunda Ermənistan siyasi rəhbərliyinin verdiyi müsahibələrdən görünür ki, onlar informasiya cəbhəsində də aşkar məğlubiyyətə uğrayıblar. Əslində Paşinyan hakimiyyətə gəldikdən sonra apardığı yanlış siyasətin son nəticəsinin belə olcağını təxmin etməliydi. Məğlubiyyət artdıqca isə baş nazir Nikol Paşinyanın diliylə dünya mediasına və beynəlxalq təşkilatlara yalan informasiyalar çatdırılır.
O bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxlaq ictimai rəyə sırımağa çalışır. N.Paşinyan, guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyini, Azərbaycandan Ermənistan ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir. Bundan əlavə, Paşinyan dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır.
Məsələn, “Rossiya-1” kanalına müsahibəsində o, Dağıstanda baş vermiş hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv səviyyədə bir-birinə calamağa çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.
Maraqlıdır ki, “The Jerusalem Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Görünən budur ki, bir tərəfdə İsraili şeytanla əməkdaşlıqda günahlandıran Paşinyan İsrailin öz nəşrinə müsahibəsində özünü onlara canıyanan kimi göstərməyə çalışır və Türkiyə-Azərbaycan tandemindən uzaq durmağı məsləhət görür. O hesab edir ki, bunlarla dünya liderlərini aldada bilər. Ancaq bütün bunlar onun haqqında sadəcə mənfi rəy yaradır və hamı Paşinyanın necə ikiüzlü adam olduğunu aydın görür.
Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, müharibənin gedişində Paşinyanın nəyə qadir olduğu daha aydın üzə çıxdı: “Məlum oldu ki, bu persona siyasi diletant olmaqla yanaşı, həm də normal insani kefiyyətlərdən uzaq adamdır. Onun hansı səviyyədə siyasətçi olmağı özünü proseslərdə göstərdi. Ermənistanı müharibəyə sürüklədi. Nəticədə Ermənistan olduqca acı məğlubiyyət yaşayır. İşğal etdiyi torpaqları itirir, ordusu tam olaraq sıradan çıxıb, itki və yaralılarının sayı 10 minlərlə ölçülür. Bu o deməkdir ki, Paşinyan özünün məhv olma taleyini imzalayıb. Ermənistan cəmiyyəti hazırda ona hansı cəzanı verəcəyi barədə düşünür. Sadəcə, hərbi əməliyyatların bitməsini gözləyirlər. Çıxılmaz vəziyyətdə qalan Paşinyan xarici mediaya verdiyi müsahibələrdə danışdığı yalanların köməyilə nəyəsə nail ola biləcəyini zənn edir. Onun müsahibələrində İran və İsrailə verdiyi mesajlar özünə qarşı işlədi. Əvvəl İsraildən səfirliyini geri çağırdı, faydası olmadı. İndi də gah deyir ki, İsrail şeytanla əməkdaşlıq edir, gah da onlara ağıllı məsləhət vermək istəyir. İrana yönəlik jestləri də başına dəyib. İran münaqişə tarixində bəlkə də ilk dəfədir ki, belə açıq və qəti mövqe tutur. Bildirir ki, Ermənistan işğal etdiyi əraziləri tam boşaltmalıdır. Deməli, bu nəticəyə gəlirik ki, Paşinyan sərsəm bəyanatlarını özü deyib, özü də eşidir. Əksinə, bizimlə münasibətlərini soyutmaq istədiyi ölkələr ondan daha da üz döndərir. Bu nəticəyə gəlirik ki, Paşinyan bütün cəbhələrdə acı məğlubiyyət yaşayır. Çünki təsadüfi adamın böyük siyasətə gəlməsinin bədəli belə də olmalıydı. Düşünürəm ki, bu, Paşinyanı gözləyən acı günlərin “jurnali”dır. Əsl film isə bundan sonra başlayacaq”.
Paşinyan başa düşməlidir ki, belə yalan və ikiüzlülüklə yalnız öz ətrafındakı “Sorosun uşaqları”nı aldada bilər. İsrail kimi ölkəyə isə bunu etmək mümkün deyil.
Məhəmmədəli QƏRİBLİ