“Ermənistanın Baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq”. Bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar: “Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın Baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq, işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir”.
Ölkə başçısı bir neçə dəfə xarici media orqanlarında döyüşlərin dayandırılmasının yolunu göstərib. O da ölkə başçısının qeyd etdiyi kimi, Ermənistanın üzərinə məlum öhdəlikləri götürməsindən keçir. Belə olan halda, ortaya sual çıxır. Doğrudan da elə bir qüvvə yoxdur ki, Ermənistanı belə bir öhdəlik götürməyə məcbur etsin, yoxsa işğalçı ölkənin belə bir öhdəlik götürməsini istəmirlər?
“Prezidentin Paşinyan qarşısında ərazilərin boşaldılması ilə bağlı bu cür şərt qoyması çox düzgün mövqedir”
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin sözlərinə görə, xarici qüvvələr Paşinyanı buna məcbur etmək istəmirlər: “İndiyə qədər bunun əlamətləri özünü göstərməyib. Bu, məsələnin bir tərəfi. Digər vacib məqam ondan ibarətdir ki, Paşinyan belə bir qərarı vermək gücünə sahib deyil. Paşinyanı ora təyin edən dünya erməniliyi, diaspora, Soros var. Bununla yanaşı, erməni cəmiyyəti Qarabağ məsələsində xəstə mövqeyə malikdir. Çünki bunlar xəstə ideologiyaya sahibdirlər. Yəni nəinki Dağlıq Qarabağı, heç ətraf rayonları da xoşluqla vermək istəmirlər. Baxmayaraq ki, ermənilərin belə düşüncəsi onları məhvə aparır. Ona görə də mənə elə gəlir ki, Paşinyan belə bir öhdəlik götürməyə məcbur edilsə və o bu qərarı versə, dərhal onu hakimiyyətdən devirərlər. Hesab edirəm ki, bu amilə də diqqət etməliyik. Ancaq, bütün hallarda, Prezident İlham Əliyevin Paşinyan qarşısında ərazilərin boşaldılması ilə bağlı bu cür şərt qoyması çox düzgün mövqedir. Faktiki olaraq, məsələnin həlli yolunu göstərir. Ermənilər bunu dərk etmək istəmirlərsə, deməli, bu onların problemidir. Yəni Paşinyanın olduğu qeyri-əlverişli şərait bizə aid məsələ deyil. Biz öz şərtimizi irəli sürürük. Emənistanda hakimiyyətə gələn hər bir adam Qarabağ kartından istifadə edir. Ona görə də hakimiyyətə kim gəlirsə, bu məsələdə radikal mövqedən çıxış edir. Diplomatik müstəvidə erməni tərəfini ifşa etməliyik, ordumuz da öz işini görməlidir. Yəni torpaqlarımızı təmizləməkdə davam etməlidir”.
Partiya sədri onu da vurğuladı ki, artıq heç bir qüvvə Azərbaycanı öz haqq işi uğrunda mübarizədən çəkindirə bilməz.
Vidadi ORDAHALLI