Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. Müsahibə zamanı jurnalist özündən əvvəlki həmkarlarına verilən cavablardan nəticə çıxarmayaraq, yenə ölkə başçısına, güya ordumuzda muzdluların olması ilə bağlı sual ünvanlayıb.
Ölkə başçısının həmin suala cavabı olduqca korrekt və sərrast olub. Prezident deyib: “Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün, yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, sanki məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir”.
Göründüyü kimi, ölkə başçısı əslində muzdluların Ermənistan tərəfdə döyüşdüyünü bildirməklə yanaşı, həm də hansı terror təşkilatlarının iştirakına dair konkret adlar da çəkib. Bu xüsusda PKK-nın adını xüsusilə qeyd edib. Belə rəsmi açıqlamanın fonunda PKK-nı rəsmən terror təşkilatı kimi tanıyan ölkələrin məsəlyə sükutu maraqlı görünür. Onların məsələyə reaksiyası necə olmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın son aylarda Azərbaycana qarşı istifadə etdiyi uğursuz təbliğatlardan biri məhz bəzi Yaxın Şərq ölkələrindən, Suriyadan və digər ölkələrdən guya Azərbaycanın döyüşmək üçün müəyyən döyüşçüləri gətirməsi olub:
“Əvvəla onu qeyd edim ki, Azərbaycan Ordusu kifayət qədər yaxşı hazırlanıb və say tərkibinə görə heç bir çətinlik yaşamır. Bizim peşəkar Ordumuz var. Biz üzərimizə qoyulan vəzifələri uğurla yerinə yetiririk. Bizim tərəfimizdə muzdluların olmasına heç bir zərurət yoxdur və ola da bilməz. Mən təəssüf edirəm ki, ölkə başçısı bu məsələyə bir neçə dəfə aydınlıq gətirdiyi halda, ondan müsahibələr götürən əcnəbi jurnalistlər bir daha bu mövzuya toxunur. Bilərəkdən, qərəzli şəkildə təkrarən eyni məzmunlu suallı verirlər. Ermənistanın Azərbaycanla döyüş əməliyyatlarına muzdluları, terrorçuları cəlb etməsinə dair çoxsaylı faktlar var. Bu faktlar təkcə Azərbaycan mətbuatında deyil, nüfuzlu xarici KİV-də də öz əksini tapmaqdadır. Belə ki, Rusiya, Fransa, Böyük Britaniya, Avropanın bir sıra ölkələrinin KİV-ləri bu barədə mütəmadi olaraq məlumatlar dərc edir. Həmin məqalələrdə muzdlular danışır, döyüşmək üçün Qarabağa gəldiklərini etiraf edirlər. Həmçinin, Yaxın Şərqdən, xüsusilə Livan və Suriyadan gələn muzdlular, PKK terrorçularının Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşdüyünə dair etirafedici ifadələr var. İşğalçı ölkə qanunsuz, beynəlxalq konvensiyalara zidd addımlarını pərdələmək üçün Azərbaycanın xarici muzdluları döyüşlərə cəlb etməsi ilə bağlı “feyk” xəbərlər tirajlamaqdadır. Lakin bu xəbərlərin heç birinin təsdiqi yoxdur.
Azərbaycanın dövlət başçısı dəfələrlə xarici KİV-ə müsahibəsində sübutların təqdim edilməsini tələb edib. Lakin hələ də sübut yoxdur. Ermənilər tərəfdən muzdlu və terrorçuların döyüşməsinə dair faktlar isə ortadadır. Ermənistan tərəfdən PKK-nın döyüşməsini ölkə başçısı konkret dəlillərə əsaslanaraq səsləndirir. Bundan əvvəl Ərdoğan Putinlə telefon danışığı zamanı bu faktın mövcudluğunu demişdi. Çox maraqlıdır ki, PKK-nı terror təşkilatı kimi tanıyan ölkələr belə bu məsələyə reaksiya verib həyacan təbili çalmır. PKK-nı dünyanın əksər ölkələri təhlükəli terror təşkilatı kimi tanıyırsa, həmin təşkilatın özü üçün yeni qaynar ocaq yaratmaq cəhdinə biganə qalmamalıdırlar. Bunu etməyə maraq göstərmirlərsə, deməli, PKK-nın Qarabağdakı fəaliyyəti onlar üçün də məqbuldur”.
Yaxşı olardı ki, xüsusilə də PKK-nı terrorçu kimi tanıyan həmsədr ölkələr bu məsələyə münasibətlərini açıqlasınlar.
Məhəmmədəli QƏRİBLİ