01/12/2020 21:17
728 x 90

İlham Əliyev müharibədən siyasi tənzimlənməyə keçidin klassik izahını verdi…

Elşad Musayev: “Prezidentin məlum yanaşması, birmənalı olaraq, Azərbaycanın mövqeyini özündə ehtiva edir”

img

Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Dağlıq Qarabağla bağlı prosesin hərbi mərhələdən siyasi tənzimləməyə keçid şərtlərini təhlil etdi. Sözügedən müsahibə zamanı bununla bağlı çoxsaylı maraqlı məqama toxundu.

Ölkə başçısı keçid şərtləri ilə bağlı qeyd etdi ki, işğal altında olan ərazilərin hamısı azad edilsin, Nikol Paşinyan bununla bağlı bəyanat versin və o zaman Azərbaycan tərəfi hərbi əməliyyatları dayandıra bilər: “Buna görə erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək, qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin”.

Göründüyü kimi, Prezident prosesin hərbi mərhələdən siyasi tənzimləməyə keçid şərtlərini təhlil edərək, onun optimal yolunu və şərtlərini göstərdi. O baxımdan bu keçid şərtləri nə qədər əhəmiyyətli ola bilər?

  • “Ermənistan ərazilərin boşaldılması ilə bağlı cədvəl müəyyən edərək...”

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, ölkə başçısı münaqişənin həlli ilə bağlı keçid şərtlərini çox aydın şəkildə izah etdi: “Prezidentin məlum yanaşması, birmənalı olaraq, Azərbaycanın mövqeyini özündə ehtiva edir. Yəni qərarlı şəkildə biz torpaqların işğaldan azad olunmasını istəyirik və bunun üçün mübarizə aparırıq. Eyni zamanda, Azərbaycan hər zaman qan tökülmədən münaqişənin həll edilməsinə üstünlük verib. Bunu Prezident hər zaman bəyan edib. İndinin özündə də Ermənistan ərazilərimizin azad edilməsi ilə bağlı öhtəlik götürərsə, hərbi əməliyyatlar dayandırılacaq. Yəni Ermənistan ərazilərin boşaldılması ilə bağlı cədvəl müəyyən edərək, ona uyğun qoşunlarını çıxararsa, o halda döyüşlər dayandırılacaq. O da məlumdur ki, Azərbaycanın öz haqq işi uğrunda apardığı mübarizəyə mane olmaq istəyənlər var. Kənardan bu yöndə çoxsaylı təzyiq var. Hamı atəşkəs və sülh çağırışı edir. Ancaq bundan ötrü Ermənistan ərazilərin boşaldılması ilə bağlı üzərinə öhdəlik götürməlidir. Ermənistan da hələlik bu niyyətdə deyil. Ən azından, bunun əlamətləri görünmür. Ona görə də biz, nə yolla olursa-olsun, bu problemi həll etməliyik. Biz həm döyüş meydanında, həm də diplomatik və informasiya müstəvisində savaşımızı aparmalıyıq. Bu da diplomatiya sahəsində apardığımız savaşın bir nümunəsidir”.

Partiya sədri onu da qeyd etdi ki, qələbə bizimlədir.

Vidadi ORDAHALLI

Son xəbərlər