01/12/2020 21:47
728 x 90

Ermənistan öz meyitlərinə niyə sahib çıxmır…

Emin Həsənli: “Ermənistanın humanitar atəşkəsdən imtina etməsinin bir səbəbi də meyitləri götürmək istəməməsidir”

img

"Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər". Prezident İlham Əliyev bu fikirləri Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində deyib.

Prezident qeyd edib ki, artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir: "Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür."

Ali Baş Komandan bildirib ki, hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək: "Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl, daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz, hər halda, cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq".

  • “…onlar itkilərini müxtəlif ad altında gizlədirlər”

Hərbi ekspert Emin Həsənli qeyd etdi ki, Ermənistanın müharibədə və müharibədən əvvəlki fəaliyyəti beynəlxalq hüquqa ziddir: “İndiyə kimi ermənilər ən ağır cinayətləri törədiblər, soyqırım, terror, separatizm, işğal, mülki əhaliyə hücum, qanunsuz miqrasiya, indi də meyitlərinin götürülməməsi. Onlar hüquqa hörmət etsəydilər, qanunsuz ərazilərdə o cür cinayət törətməzdilər və öz vətəndaşları qırılmazdı. Ona görə meyitləri götürmürlər ki, əsgərlərin bir qismi xaricdən gələn muzdlular, terroristlərdir. Onları hara təhvil verəcəklər? Bir qismini isə aparmaq istəmirlər ki, əhali ölənlərin çoxluğunu görüb, ayağa qalxar. İtkilərini müxtəlif ad altında gizlədirlər. Əvvəllər də belə edirdilər, deyirdilər qəza olub, yanğın olub. Təbii ki, onlar meyitlərini götürməlidirlər. Azərbaycan Qızıl Xaç vasitəsilə meyitləri təhvil verəcək. Ermənistanın humanitar atəşkəsdən imtina etməsinin bir səbəbi də meyitləri götürmək istəməməsidir”.

Günel CƏLİLOVA

Son xəbərlər