Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri, eləcə də əhalinin sosial rifahının yüksəldilməsi üçün görülən işlər qardaş Türkiyədə yaşayan, təhsil alan soydaşlarımız tərəfindən də təqdir edilir.
Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində hüquq təhsili alan Firuzə Rəcəbova Prezident İlham Əliyevə yazdığı məktubunda bu məsələlərdən bəhs edir: “... COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır”.
F.Rəcəbova, həmçinin, məktubunda bu çətin günlərdə xalqa dəstək olduqlarına, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdıqlarına görə Prezident İlham Əliyevə və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevaya öz adından və ailəsinin adından təşəkkür edir.
Xəbər xidməti