Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə videokonfrans formatında görüş keçirməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hələ də müəyyən ümidlərin olduğunu nümayiş etdirir. Ən azı o baxımdan ki, Azərbaycan tərəfi sadəcə danışıqlar xatirinə belə görüşlərin keçrilməsinə qarşı olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda, rəsmi Bakı danışıqlarda konkret sənədlərin müzakirə olunduğunu bildirib və bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum açıqlamaları da təsdiq edir. Qeyd edilənlər fonunda Ermənistanla növbəti görüş keçirilməsinə verilən razılıq xüsusi diqqət cəlb edir.
Bir daha xatırladaq ki, Elmar Məmmədyarov yuxarıda qeyd edilən videokonfrans zamanı erməni həmkarı ilə növbəti görüşə razılıq verib. Belə ki, videokonfransda tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə edib. Tərəflər pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıb. Ermənistanın özündə bunlar fonunda etiraflar artır ki, İrəvan indi danışıqlarda ən zəif tərəfdir. Erməni siyasi ekspert Arman Melikyan vurğulayır ki, məhz bu səbəbdən indi danışıqlarda baş nazir Nikol Paşinyanın komandası mövqeyini dəyişib. O bildirib ki, Sergey Lavrovun açıqlamaları həm Azərbaycanda, həm də Ermənistanda siyasi gündəmi əhəmiyyətli dərəcədə dəyişib:“Rusiya xarici işlər naziri münaqişənin mərhələli həll versiyasının gündəmdə olduğunu bəyan etdi, bu bizdə müəyyən çaxnaşma yaratdı və Bakıda ruh yüksəkliyinə səbəb oldu. Paşinyan komandası bunları təkzib etməyə çalışsa da, durum tam fərqlidir və Azərbaycanın istəklərinə uyğundur. Ermənistan indi danışıqlarda zəif tətəfdir”
Ekspertlər də hesab edir ki, əslində İrəvan danışıqlarda indi ona diqtə edilənləri qəbul etmək məcburiyyətindədir. Bu bir neçə səbəblə bağlıdır. Əvvəla, Ermənistan sosial-iqtisadi cəhətdən indi daha zəif hala gəlib. Koronavirus pandemiyası isə ölkənin çöküşünü daha da sürətləndirib. COVID-19-un yayılması ilə əlaqədar olaraq Ermənistanda martın 16-dan etibarən fövqəladə vəziyyətin tətbiq edilməsi və onun iyunun 13-nə qədər uzadılması iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin əsaslı şəkildə zəifləməsinə səbəb olub. İqtisadi və sosial problemlərin qarşısını almaq məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər isə nəticəsizdir. Xaricdən alınan borcla vəziyyəti düzəltmək də müşkülə çevrilib. Burada bir faktı da nəzərə almaq lazım gəlir ki, Ermənistan iqtisadiyyatının, belə demək olarsa, ayaqda qalmasının əsas səbəbi digər ölkələrdən və maliyyə təşkilatlarından alınmış yardımlar, borclar olub. Lakin indi pandemiya ilə əlaqədar olaraq bütün dünyanı iqtisadi problemlərin bürüməsi və Ermənistana iqtisadi baxımdan əsas dəstək verən Rusiyanın həm virusla bağlı kəskin iqtisadi problemlərlə qarşılaşması, həm də neft gəlirlərinin kəskin azalması onun İrəvana yardım etmək imkanlarını xeyli azaldıb. Digər tərəfdən, ekspert proqnozlarına əsasən, postpandemiya dövründə bir çox kiçik dövlətlərin maliyyə vəsaitlərinə ehtiyacı artacaq və nəticədə güclü rəqabət formalaşacaq. Bu isə son nəticədə borc almaq imkanlarını azaldacaq. Ona görə də hazırkı durumda Ermənistanın məcburi şəkildə artacaq büdcə kəsirini maliyyələşdirmək məqsədilə xarici borc alması əvvəlki qədər asan olmayacaq. Belə vəziyyətdə Ermənistanın iqtisadi durumunu düzəltmək üçün xarici borc yardımlarına da ümidi azalır. Deməli, Ermənistan iqtisadi durumunun düzəlməsi üçün xarici borclara da bir o qədər ümid bağlaya bilməz. Halbuki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində və sonrakı dövrdə öz populyarlığını qorumasında iqtisadi amillərin rolu böyük olub. Serj Sarkisyan hakimiyyətinin dövründə kəskin sosial-iqtisadi problemlərin mövcud olması Ermənistanda məlum inqilabın baş verməsində böyük rol oynayıb. Paşinyanın bu fonda iqtisadi sahədə islahatlar həyata keçirilməsi ilə bağlı vədlər verməsi onun seçilməsinə əsaslı formada təsir edib. Lakin reallıq Paşinyanın iqtisadi vədlərini yerinə yetirməkdə aciz olduğunu nümayiş etdirir. Pandemiyanın yaratdığı problemlər də iqtisadi sahədə verilən vədlərin və planlaşdırılan tədbirlərin həyata keçirilməsini əngəlləyən digər önəmli faktor qismində çıxış edir. Elə bu da hakimiyyət üçün getdikcə ciddi təhdidə çevrilir. Yaranmış iqtisadi problemlərin həllini tapmaması Paşinyan hakimiyyətinin davamlılığını ciddi sual altına alır. Bunu Paşinyan və komandası da yaxşı başa düşür. Onlar aydım görür ki, erməni cəmiyyətini Qarabağ məsələsindən çox iqtisadi, sosial durum maraqlandırır. Bu sosial-iqtisadu durumu yaxşılaşdırmağın yeganə yolu da məhz Qarabağ münaqişəsinin həllindən keçir. Bu səbəbdən ekspertlər Paşinyan iqtidarının danışıqlarda nəticə əldə olunması üçün Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olduğunu bildirir. Buna digər səbəb Ermənistana kənardan, o cümlədən Rusiyadan verilən dəstəyin azalmasıdır.
Rusiya və digər dəstəkçilər Ermənistana artıq siyasi müstəvidə də dəstək vermir. Əksinə, Ermənistanın onlarla problemi gedərək dərinləşir. Elə rusiyalı siyasi analitik Fyodor Lukyanov da məsələyə məhz bu prizmadan yanaşır. O vurğulayır ki, Ermənistanın yaranmış vəziyyətdən ciddi narahatlıq keçirməsi üçün əsaslar kifayət qədərdir. Ekspert bildirir ki, Rusiyadan və KTMT-dən əli üzülməkdə olan İrəvan məntiqə zidd hərəkət edərək Bakının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair konstruktiv danışıqlar barədə çağırışlarına məhəl qoymamağa davam edərsə, daha böyük problemlərə düçar olacaq. Bu isə Qarabağ məsələsinin həllində irəliləyiş istəyən Rusiyanı da ciddi narahat edir:“Moskva məsələnin həllində irəliəlyiş olmasında maraqlıdır, lakin bunu Ermənistan əngəlləyir. Xüsusən də Paşinyanın tez-tez təkrarlanan ziddiyyətli mövqeyi vəziyyəti daha da mürəkkəbləşdirir. Fikrimcə, Nikol Paşinyanın populizmi, ziddiyyətli mövqeyi artıq erməni xalqının özünü də çox yorub. Çünki Ermənistanda vəziyyət pisləşir. Erməni gənclər ölkələrindəki iqtisadi vəziyyətin pisləşməsini çox gözəl şəkildə görürlər. Onlar üçün pul qazanmaq getdikcə çətinləşir. Və belə bir vaxtda İrəvan, daxili sosial problemləri həll etmək əvəzinə, qonşu ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirir. Bu isə Kremlin də xoşuna gəlmir. Rusiya Bakı ilə müttəfiqlik və tərəfdaşlıq münasibətləri qurmağa köklənib. Moskva bu münasibətləri artıq Erəmnistana görə qurban vermək niyyətində deyil”. Bütün bunlar yaranmış vəziyyətdə Azərbaycanın mövqelərinin daha güclü hala gəldiyini, ona verilən dəstəyin artdığını göstərir. Ermənistanın bu halda yalqız duruma düşməsi onun mövqelərinin daha da zəifləməsi ilə müşayiət edilir. Təbii ki, bu vəziyyətdə güclü Azərbaycan, danışıqlar istənilən nəticəni verməsə, savaş yolu ilə problemi çözməli olacaq. Onda Azərbaycan qarşısında da işğalçı Ermənistanı heç kim müdafiə etməyəcək. Hadisələrin məhz bu səpkidə inkişaf edəcəyini bu gün Ermənistanda da müşahidə edənlərin, Paşinyan iqtidarına bu xüsusda müvafiq xəbərdarlıqlar ünvanlayanların sayı az deyil. Təbii ki, belə vəziyyət artıq danışıqlarda Ermənistanın mövqeyinə təsrini göstərir.
Ermənistanın danışıqlar prosesində zəif durumunu şərtləndirən daha bir faktor güc amili ilə bağlıdır. Azərbaycan ordusu, ölkəmizin hərbi qüdrəti ilə Ermənistan indi daha çox hesablaşmağa məcburdur. Regionun ən güclü ordusuna malik ölkə kimi də xarakterizə olunan Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Mənəvi-psixoloji hazırlıq cəhətdən də yüksək səviyyədə olan Azərbaycan ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Təsadüfi deyil ki, indi işğalçı dövlətdə Azərbaycan və Ermənistan orduları arasında fərqin böyük sürətlə ölkəmizin lehinə dəyişməsinə dair etiraflar çoxalmaqda və Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçəcəyi təqdirdə bunun Ermənistan üçün əsl fəlakət olacağını qəbul edənlərin sayı sürətlə artmaqdadır. Lakin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidlər hələ tükənmədiyindən, Azərbaycan məsələnin hərbi müstəvidə çözümünə hələlik lüzum görmür. Bununla belə, Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən tam təmizləmək iqtidarındadır. Mövcud reallığa uyğun olaraq, Azərbaycan həm işğala məruz qaldığından, həm də müharibə şəraitində yaşadığından bu gün də ordusunu gücləndirməkdə, onu müasir hərbi texnika ilə təchiz etməkdədir. Ölkəmizin iqtisadi qüdrəti və malik olduğu potensial isə ordunun bundan sonra insan resursundan tutmuş bütün maddi təminatına qədər yüksək olacağını deməyə əsas verir. Ermənistanda isə tamam əks prosesdir və bu da, istər-istəməz, danışıqlarda Ermənistanın daha zəif duruma düşməsini şərtləndirir.
Tahir TAĞIYEV
Yazı AZərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.