Xarici siyasətdə ciddi fiaskoya uğrayan Ermənistan üçün diqqət mərkəzində yer alan əsas məqamlardan biri də İsraillə əməkdaşlığı gücləndirməkdir. Irəvanda hesab edilir ki, bununla Ermənistan həm də yəhudi lobbisinin və iş adamlarının dəstəyini əldə edə bilər. Bu, ABŞ-ın Ermənistana baxışının dəyişməsi üçün də olduqca vacib sayılır. Ermənistan bu məqsədlərə nail olmaq üçün hətta İsraildə səfirlik açmaq məsələsini də gündəmdə saxlamaqda davam edir. Amma o da bəllidir ki, bu vəziyyət Ermənistanın İranla münasibətlərinə mənfi təsir göstərir.
Xüsusən də səfirlik məsələsi gündəmə gəldikdən sonra İran rəsmi səviyyədə buna etiraz edib. Bu ölkənin Xarici İşlər Nazirliyi Ermənistanın İsraildə səfirlik açmaq niyyətinə münasibətinin mənfi olduğunu bildirib. Tehran İsraildə səfirlik açmaq istəyini elan edən Ermənistana rəsmən məsələdən narahat olduğunu bildirib. İranlı ayətullah Seyid Həsən Amili isə məsələyə daha sərt reaksiya verib:“Ermənistanda Qərbyönümlü qrup hakimiyyətə gələndən sonra Ağ Evin tələb və tapşırığı ilə bu ölkənin İsraillə münasibətlərinin genişləndirilməsi gündəliyə salınıb. Bu səbəbdən də Ermənistanın Təl-Əvivdə səfirlik açmaq barədə verdiyi qərar, xüsusilə də şəxsən Nikol Paşinyanın razılığı çox təhlükəlidir. İrəvanın bu addımı İslam dünyasının, əsasən də İranın maraqlarına ziddir və ölkəmizdə geniş reaksiyalara səbəb olub, ciddi etirazlar bildirilib. Belə ki, bir çox siyasi simalar, ekspertlər, təhlilçilər, İslam Şura Məclisi təmsilçiləri Ermənistanın bu hərəkətinin nəticələri barədə xəbərdarlıqlar ediblər. Ermənistanın Təl Əvivlə səfirlik açmaq səviyyəsində münasibətlərinin genişlənməsi İran üçün böyük təhlükədir”. Beləliklə, bu hal Ermənistanın İranla münasibətlərinə xələl gətirən mühüm faktorlardandır. Lakin yaranmış şəraitdə Ermənistanln İsraillə də münasibətlərinin yüksək səviyyədə olduğunu demək olmaz. Xüsusən də Ermənistanda meydana çıxan faşizm sevgisi tamam fərqli bir durum yaradır.
Yeri gəlmişkən xatırladaq ki, faşizm məsələsi İsrail üçün olduqca həssas bir mövzu sayılır. Indi Ermənistanda tüğyan edən faşizmə rəğbət məsələsinə bu mənada İsraildə də xüsusi diqqət yetrilməsi təsadüfi sayıla bilməz. İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqalədə də bu xüsusda maraqlı məqamlara toxunulur. Burada xatırlanır ki, İkinci Dünya müharibəsi zamanı yəhudi xalqı dəhşətli, dözülməz faciə olan Holokost soyqırımını görüb:“Vəhşiləşmiş, qəddar faşist rejimi tərəfindən yəhudi xalqının kütləvi şəkildə məhv edilməsi ürəkağrısı, iztirab, alçaldılma, təhqir olunma deməkdir”. Qeyd edilir ki, bu fonda ən qəribə əhvalat bir neçə gün bundan əvvəl baş verib. Ermənistanın indiki baş naziri “facebook” şəbəkəsində öz babasının fotoşəklini paylaşıb:“Xatırladaq ki, 9 May ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan adını daşıdığı babası Nikol Paşinyanın fotoşəklini paylaşıb və belə bir post yazıb:“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”. Məlum olub ki, əslində, Ermənistanın indiki baş naziri Nikol Paşinyanın babası Nikol Paşinyan İkinci Dünya müharibəsi illərində faşistlər və nasistlərlə əməkdaşlıq etmiş kollaborasionist olub”. Qəzet bu xüsusda MDB-nin Aşqabad Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini sitat gətirir. Həmin Zirvə görüşündə Nikol Paşinyan faşist Njdeni sovet dissidenti Soljenitsınla müqayisə etməyə çalışarkən fiaskoya uğrayıb. Qəzet daha sonra yazır: “İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət edib. O bütün MDB ölkələrinin prezidentləri arasında birinci olaraq Ermənistanın baş nazirinin üzünə deyib ki, onun ölkəsi artıq neçə ildir faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğul olur. Xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kəs müdaxilə etmir. Lakin Prezident İlham Əliyev MDB-nin Zirvə görüşündə əsl həqiqəti deməyə bilmədiyi kimi, biz də susmamalıyıq. Dəhşətli Holokost cinayətlərində əli olmuş insanlar milli qəhrəmanlara çevriləndə biz susmamalıyıq. Üç il bundan əvvəl İrəvanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz israillilər necə münasibət bildirməliyik? Ölkə bəşəriyyət əleyhinə cinayətdə ittiham edilmiş faşist canini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq, Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Bu gün artıq gizli deyil ki, Ermənistanda faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması dövlət səviyyəsində təbliğ edilir. Bu Cənubi Qafqaz ölkəsində faşizmin, antisemitizmin və neonasizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi, ən hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir. Faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi və üstəlik, Ermənistanın indiki baş naziri Paşinyanın Qələbə Günündə öz faşist-kollaborasionist babasının fotoşəklini paylaşması faktı bir daha onu təsdiq edir ki, Ermənistanın istər keçmiş, istərsə də indiki liderləri özlərini erməni faşist və antisemit Njdenin əsl və həqiqi varisləri hesab edirlər. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Bu legionu yaradanlardan biri faşist Njde olub. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar var. General Njde başda olmaqla, erməni legionunun məqsədi yəhudiləri və alman ordusu üçün “yararsız olan” başqa xalqları məhv etmək idi. Məhz erməni legionunun sayəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənmişdi. Bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşist və antisemitin təriflənərək milli qəhrəman dərəcəsinə çatdırılmasına laqeyd qala bilərikmi? Müasir Ermənistanın bu siyasətini ləng mexanizmli bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terrorizm əməllərini davam etdirəcəklər”.
Hesab edilir ki, İsrail cəmiyyətində məsələyə bu tərz yanaşma fonunda İrəvan, çətin ki, Təl-Əvivlə istədiyi münasibətləri qura bilsin.
Nahid SALAYEV