İşğalçı Ermənistanda mövcud hakimiyyətin tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də ölkənin xarici siyasətdə tam iflasa uğramasıdır. Bu hal Ermənistanda həm də ona görə xüsusi diqqət mərkəzində yer alır ki, Dağlıq Qarabağ münaqişəsinin gedişinə birbaşa təsir edir. Belə ki, münaqişə ilə bağlı Ermənistan tam təklənmiş vəziyyətə düşdüyü halda Azərbaycana dəstək verənlərin sayı artır.
Ermənistanda həm də o ciddi narahatlıq predmetidir ki, bu durumda Azərbaycan Qarabağ məsələsinin hərbi həllinə start versə, onu heç kim dayadırmayacaq. Erməni siyasi ekspert Suren Sarkisyan bildirir ki, bu gün İrəvan Cənubi Qafqazda siyasi cəhətdən aktiv olan ABŞ və Rusiya ilə münasibətləri pisləşdirib: “Əgər əvvəllər biz bu ölkələrdən müəyyən dəstək ala bilirdiksə, indi tamam fərqli bir vəziyyətdir. Ermənistan ABŞ və Rusiya üçün arxa plandadır. Məsələn, Ermənistan-Amerika münasibətlərinin ən yaxşı günlərini yaşadığını deyə bilmərik. Əksinə, Ermənistan-Amerika münasibətləri son 2-3 ildə ən aşağı tarixi səviyyəsini yaşayır. Ermənistan hakimiyyətinin öz təşəbbüsü və öz gündəliyi ilə bölgəyə səfər edən Trampın müşaviri Boltondan başqa heç vaxt Tramp administrasiyası ilə heç bir səviyyədə təmasda olması mümkün olmayıb. Ermənistan-Amerika münasibətləri Ermənistan-Rusiya münasibətləri hesabına da yaxşılaşmayıb. Indi hər iki münasibət həddindən artıq pis vəziyyətdədir. ABŞ həmişə Ermənistana bu və ya digər sahədə kömək göstərməyə hazır olduğunu nəinki səfirlik səviyyəsində, həm də bütün səviyyələrdə daim bəyan edib. Amma məsələ budur ki, bütün bu deyilənlərlə yanaşı əməli kömək və ya dəstək olubmu? Ermənistanın ABŞ-dan aldığı ən əməli yardım, 1988-ci il zəlzələsini və 1990-cı illərdəki humanitar yardımı nəzərə almasaq, ehtimal ki, Ermənistan üçün ciddi dəstək olan “Minilliyin Çağırışı” layihəsi olub. Amma bu da kəsilib. Regionda ABŞ-ı daha çox Azərbaycan və Gürcüstan maraqlandırır. Ermənistan arxa plandadır. Bu isə ölkə həyatına, Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir edir. Hakimiyyət bunları hələ də nəzərə ala bilmir. Azərbaycan isə proseslərdən maraqları üçün maksimal dərəcədə məharətlə istifadə edir”.
ABŞ-la yanaşı, Ermənistan Rusiya ilə də problemlər yaşayır. Özü də Moskva Ermənistana qarşı artıq müəyyən təzyiq rıçaqlarını da işə salıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın bütün yalvarışlarına rəğmən, Kreml bu ölkəyə satdığı təbii qazın qiymətini artırmağa hazırlaşır. Qeyd edək ki, Paşinyan uzun müddətdir Rusiyadan idxal olunan qazın qiymətinin ucuzlaşdırılmasına çalışsa da, "Qazprom" buna qəti etiraz edir. Indi Paşinyan bildirir ki, Moskva qazın qiymətinin artırılması üçün düzgün zaman seçməyib: “Rusiya ilə qaz qiymətlərilə bağlı siyasi məsləhətləşmələr davam etdiriləcək. Biz koronavirus şəraitində Rusiyanın qaz qiymətlərini qaldırmayacağını gözləyirik. Pandemiya dövrü qaz qiymətlərinin qaldırılması üçün yaxşı vaxt deyil. Ermənistan-Rusiya gündəmi həddən artıq sıxdır. Əminəm ki, bütün məsələlər zamanla öz həllini tapacaq. Kompromislər və qarşılıqlı anlaşma lazımdır”. Amma “İravnuk” qəzeti yazır ki, Paşinyanın gözləntiləri əbəsdir:“Qaz qiyməti Ermənistana təzyiqlərdən sadəcə biridir. Moskva istəklərinə nail olmasa, təzyiqlər artacaq”. Rus siyasi analitik Aleksey Malaşenko bildirib ki, ki, bu təzyiqlərdən biri də Qarabağ məsələsi üzrə olacaq:“Bu mənada, təsadüfi deyil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyana zəngləri intensivləşib. Ötən həftə də Rusiya tərəfinin təşəbbüsü ilə Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında növbəti telefon danışığı baş tutub. Rusiya xarici işlər naziri tərəfindən bu fonda bütün son bəyanatlar informativ olaraq nəzərdən keçirilə bilər. Müzakirə olunan məsələlərin çərçivəsi olduqca genişdir. Bu məsələlərdə ikitərəfli problemlər və Dağlıq Qarabağ münaqişəsinin həll prosesi birinci yerdədir. Dağlıq Qarabağ münaqişəsinin həllində rus təkliflərinə gəlincə, düşünürəm ki, rus tərəfinin xəyalları da yoxdur, lakin Lavrov aktiv olmağa çalışır və bunu bir sıra fərqli istiqamətlərdə edir, bu isə indiki mərhələdə bir çoxları tərəfindən birmənalı şəkildə qəbul olunmur. Söhbət Ermənistandan gedir. Amma Moskva, ən azından geosiyasi maraqları naminə, bu məsələdə irəliləyiş istəyir. Belə vəziyyət status-kvonun dəyişməsi deməkdir ki. Indiki halda yalnız Ermənistan buna qarşıdır. Bununla belə, Rusiya geri çəkilməyəcək”. Malaşenko qeyd edib ki, Ermənistan müqavimət göstərməyə davam edərsə, Rusiya Qarabağda yeni savaşa yaşıl işıq yandıra bilər. Məhz bu vəziyyətdə Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təliminin keçirilməsinə start verməsi Ermənistanda daha çox təşviş yaradıb.
Qeyd edək ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi başlayıb. Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılıb. Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetirilir. Mayın 22-dək davam edəcək təlimdə düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir. Erməni mediası isə yazır ki, budəfəki komanda-qərargah təliminə xüsusi qoşun növlərinin birləşmələri də cəlb edilib. Bu, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığının daha da artırılmasına və sarsıdıcı zərbə gücünün formalaşmasına xidmət edir. Qeyd edək ki, 10 min əsgər, 120 tankla aparılacaq təlimlər real döyüş şəraitinə uyğunlaşdırılıb. İndiki durumda bu genişmiqyaslı operativ-taktiki təlimlər Ermənistanda qorxu yaradıb. Xüsusilə Azərbaycan Müdafiə Nazirliyinin “düşmən hər hansı bir təxribata cəhd göstərərsə, Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaq” bəyanatı İrəvanda narahatlığı artırıb. Erməni şərhçi Naira Ayrumyan yazır ki, indiki vəziyyət 2016-cı ildə “aprel müharibəsi”ndən öncəki vəziyyətə bənzəyir:“Cəbhədə müxtəlif toqquşmalar baş verirdi. ABŞ-da “atəşkəsə nəzarət mexanizminin” yaradılması ideyası gündəmə gəlmişdi, rəsmi Bakı “səbrimiz tükənir” mesajını verirdi. AŞPA-da “Sərsəng” su anbarı haqda və Ermənistanın əleyhinə olan başqa bir qətnamə qəbul olundu. 2016-cı ilin fevralında Azərbaycan prezidenti Tehrana getdi və Xudafərin körpüsü üzərində hidroelektrik stansiyanın birgə istifadəsi ilə bağlı razılaşma əldə etdi. İndi Xudafərin üzərindəki elektrik stansiyası məsələsi yenidən gündəmə gəlib, beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə qərarlar verilir, Rusiya münaqişənin Azərbaycanın maraqlarına uyğun olan “mərhələli həll” variantında həllini önə çəkib, Azərbaycan ordusu yenidən genişmiqyaslı təlimlərə başlayıb”. Erməni şərhçi iddia edir ki, Azərbaycan münaqişənin hərbi yolla həllini yenidən aktuallaşdırır. Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Qraçya Petrosyants da eyni mövqeni bölüşür: “Azərbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimin keçirilməsinə başlayıb. Rəqibi daha dərin aldatmaq üçün hətta hədsiz dərəcədə böyük miqyasda bir neçə hərbi təlim keçirilə bilər, bununla da sayıqlığı zəiflədəcəklər və hansısa bir növbəti hərbi təlim bir neçə saat ərzində döyüş əməliyyatlarına çevriləcək. Daha əvvəl qeyd etdiyim kimi, informasiya vasitələri ilə bizə verilən məlumatlar artıq rəqibin müəyyən əməliyyatlara hazırlaşdığını güman etməyə imkan verir”. Petrosyantsın sözlərinə görə, son zamanlar Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində aktivliyi, eləcə də daim keçirilən hərbi təlimlər təsadüfi deyil. O hesab edir ki, təlimlər real döyüş əməliyyatına çevrilsə, bu dəfə Azərbaycanı heç kim durdurmayacaq. O, Rusiya, ABŞ, hətta İranla münasibətlərdə yaranan çətinliklərin Ermənistan üçün böyük problemlər yaratdığını vurğulayır. Erməni ekspert Tevos Arşakyan da vəziyyətin pis olduğunu vurğulayır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da Ermənistanı tək qoymasını ölkə üçün fəlakət adlandırır:“Gözləyirdik ki, KTMT Azərbaycanın hərbi təlimlərinə göz yummayıb, Ermənistanı dərhal müdafiəıyə qalxacaq. Çünki Ermənistanı eyni zamanda iki dövlət –Türkiyə və Azərbaycan tərəfdən təhlükə gözləyir, lakin KTMT-dən xəbər yoxdur. Hətta KTMT-nin baş katibi, belaruslu general Stanislav Zas bu məsələyə qətiyyən toxunmur. O, “RİA Novosti” agentliyinə verdiyi geniş müsahibədə böyük beynəlxalq problemlərin həllindən danışıb, KTMT ilə NATO arasında hərbi qarşıdurma təhlükəsi olmadığı barədə qeyd edib. Bu başadüşüləndir, yalnız bir dəli NATO ilə müharibə istəyə və eyni zamanda qələbəyə arxalana bilər. Ümumiyyətlə, biz KTMT üzvləri - Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan kimi ölkələrlə NATO ilə müharibə etmək istəyirik? Rusiyadan fərqli olaraq, böyük bir güc kompleksi yaşamırıq və NATO ilə bölüşəcək bir şeyimiz yoxdur. Bu durumda istəyimiz KTMT-nin Ermənistanı müdafiə etməsidir. Amma KTMT bundan uzaqdır”. Bu durumda Azərbaycanın savaşa başlaması halında Ermənistan doğrudan da tək qalacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.