Ermənistan baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı “məxməri inqilabdan” sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni sənədin irəli sürülmədiyi, köhnə təklifin isə məqbul olmadığı fikrini səsləndirib. Bəllidir ki, Ermənistan uzun müddətdir danışıqlar prosesindən yayınmaq üçün müxtəlif bəhanələr uydurur. Paşinyanın bu açıqlamasının da ruhunun məhz həmin amala xidmət etdiyinə şübhə yeri qalmır.
Azərbaycan XİN rəsmisi Leyla Abdullayeva bildirib ki, Ermənistan baş nazirinin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə bu cür fikirlər səsləndirməsinin iki izahı ola bilər: ya iki il ərzində hələ də bu prosesi öyrənə bilməyib, ya da bu kimi bəyanatları ilə danışıqlar prosesinə əngəl törətmək məqsədi güdür:“Doğrudur, danışıqlar prosesində yeni sənəd yoxdur, çünki yeni sənədə və təklifə heç ehtiyac da yoxdur. Belə ki, danışıqlar ATƏT-in Minsk Qrupunun 2019-cu ilin 9 mart tarixli bəyanatında da açıqlandığı kimi, danışıqlar masada artıq mövcud olan sənəd üzrə aparılır. Maraqlıdır, N.Paşinyan son iki il ərzində Ermənistan xarici işlər nazirinin aparılan danışıqlar prosesində nə işlə məşğul olduğu ilə heç maraqlanıbmı? Bəlkə də bu ilin yanvar ayında Cenevrədə intensiv şəkildə aparılan danışıqlar da daxil olmaqla, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim olunan sənədləri Ermənistan xarici işlər nazirinin öz baş nazirinə təqdim etmədiyi istisna olunmamalıdır. Əgər Ermənistanın hazırkı rəhbərliyinin məqsədi “danışıqlar” pərdəsi altında münaqişənin həllini uzatmaqdırsa, bu yanaşma həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd olunur. Danışıqlar prosesini və beynəlxalq vasitəçilərin səylərini heçə endirmək istəyən işğalçı Ermənistan rəhbərliyinə xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının səyləri də daxil olmaqla, bu ölkələrin vasitəçiliyi ilə uzun illər ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başlıca məqsədi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması, yüz minlərlə məcburi köçkünün hüquqlarının bərpa olunması və beləliklə də bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Ermənistan rəhbərliyi bu kimi bəyanatları ilə aydın şəkildə göstərir ki, hansı ölkə bölgədə sülhün, hansı ölkə isə gərginliyin artırılmasının tərəfdarıdır. Bir daha vurğulayırıq ki, bölgədə vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti tamamilə Ermənistanın üzərindədir”.
Paşinyanın son mövqeyini “Bakı-Xəbər”ə şərh edən politoloq Əhəd Məmmədli hesab edir ki, Paşinyanın bu manevrləri beynəlxalq hüquqa açıq hörmətsizlikdir:“Görünən budur ki, o, özünü qoyub dəlioğlanlığa. Şuşanın işğal günü durub deyirlər ki, müharibə zamanın qanunlarıdır, biz niyə torpaq verməliyik? Kuril adaları, Krımın geri qaytarılmadığını misal çəkirlər. Tamamilə absurd fikirlərdi. İndi də Paşinyan deyir ki, hakimiyyətə yeni gəlmişik, ona görə də köhnə sənədlərlə işləyə bilmərik. Bu nə yanaşmadı? Camaat 100 il əvvəl imzalanan Lozanna, Helsinki müqavilələri əsasında danışıq aparır. Bəyəm müqavilələr hakimiyyətlərin dəyişməsinə görə yenilənir? Bu çox savadsız yanaşmadı. Ola bilər ki, özlərini ağılsız yerinə qoyurlar. Bunlar anlamır ki, balaca Ermənistanda hər hansı səbəblərdən tez-tez hakimiyyət dəyişəcəksə, bu, beynəlxalq razılaşmalara yenidən baxılmasını diqtə etmir. Bu həm də Paşinyanın savadsızlığından irəli gəlir. Mən gördüm ki, Azərbaycan XİN onun çıxışına ətraflı münasibət bildirib. Əlavə olaraq istərdim dünyaya bu faktı təqdim edərək bildirək ki, Ermənistanın başında çox savadsız faşistlər oturub. Bunlarla hər hansı danışıq aparılması mümkün deyil. Konstruktivliyini itirən belə Ermənistan iqtidarı ilə danışıq aparmağın heç bir xeyri yoxdur. Mənə elə gəlir ki, elə onları yerində oturtmaq üçün hərbi əməliyyatlara başlamağın tam zamanıdır. Məqam tam bizim xeyrimizədir. Onların yerində otuzdurulması gərəkdir. Paşinyan demək istəyir ki, heç bir güzəştdən söhbət gedə bilməz. Biz nə etməliyik? Çox gözləmək bizim xeyrimizə yox, əleyhimizə işləyəcək”.
Məhəmmədəli QƏRİBLİ