“Sərhədsiz Reportyorlar” təşkilatı yenidən ölkəmizi hədəf alaraq bəyan edib ki, Azərbaycandakı vəziyyətdən narahatdır. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye bildirib ki, guya hakimiyyət beynəxalq tənqidə məhəl qoymur, mətbuat və söz azadlığını boğmağa davam edir. Guya müstəqil jurnalistlər, blogerlər həbs və şantaj olunurlar. Onların əsassız ittihamlarla həbs olunduğu, hətta ölkə sərhədlərindən kənarda yaşayan jurnalistlərin təqib edildiyi iddiası da irəli sürülür.
J.Kavelyenin sözlərinə görə, Azərbaycan 180 ölkə arasında 168-ci yerdədir və ötənilki reytinqlə müqayisədə bu il iki pillə geriləyib: “Ona görə də Azərbaycandakı vəziyyət bizi çox narahat edir”.
J.Kavelye iddia edib ki, Azərbaycanda azı beş jurnalist həbsdədir, bundan əlavə, bəzi müstəqil saytlara çıxış bloklanıb, məmurlar tərəddüd etmədən jurnalistləri həbs edirlər. Guya parlament seçkiləri zamanı azı 18 jurnalistin işi məhdudlaşdırılmışdı və onlar öz işlərinə görə fiziki hücumlara məruz qalıblar. Hökumət karantin tədbirlərindən guya sui-istifadə edir.
“Sərhədsiz Reportyorlar” təşkilatı təmsilçisi onu da qeyd edib ki, beynəlxalq birlik bu təqiblərin qarşısını almaq üçün Bakıya, xüsusilə də Azərbaycanla ticarət edən Avropa ölkələrinə təzyiq göstərməlidir.
Göründüyü kimi, “Sərhədsiz Reportyorlar” təşkilatı yenə öz əvvəlki ampluasındadır. Yenə də Azərbaycana qarşı qərəz, kin püskürən iftiralarla çıxış edirlər. Olmayan şeylər uyduraraq, ölkəmiz barəsində mənfi rəy yaratmağa çalışırlar. Hansı ki, onların bu yöndə səsləndirdikləri tənqidlərin heç bir əsası yoxdur.
“Dünyanın başı koronavirusla mübarizəyə qarışdığı bir dövrdə ölkəmizə qarşı müəyyən təşkilatlar qarayaxma kampaniyası aparmaqla məşğuldurlar”
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, insan hüquqları və mətbuat azadlığından danışan bəlli təşkilatlar ildə bir neçə dəfə Azərbaycanı qaralamaq xarakterli hesabatlarla çıxış edirlər: “Onlardan biri də “Sərhədsiz Reportyorlar” təşkilatıdır ki, ildə bir neçə dəfə məhz Azərbaycanla bağlı öz nifrətini gizlətmədən hesabatlar yayır. Bu təşkilatların yanaşmalarında ümumən heç nə dəyişmir. Dəyişən yalnız odur ki, Azərbaycanı ləkələmək üçün müxtəlif fantaziyalar uydururlar. Uydurma fikirlərindən biri də odur ki, Azərbaycan ölkədən kənardakı jurnalistləri belə təqib edir. Azərbaycan necə başqa ölkələrdə media mənsublarını təqib edə bilər? Praktiki olaraq bu mümkün olan iş deyil. Çünki hər bir ölkənin öz qanunları var. Bu onu göstərir ki, “Sərhədsiz Reportyorlar” təşkilatının Azərbaycanla bağlı fantaziyaları bitmir. Bütün dünyanın başı koronavirusla mübarizəyə qarışdığı bir dövrdə Azərbaycana qarşı müəyyən təşkilatlar qarayaxma kampaniyası aparmaqla məşğuldurlar. Çünki pandemiya bir ölkənin problemi deyil. Bu ümumi bir bəladır. Sözügedən məsələdə Azərbaycan ön cərgədədir. Nəinki öz ölkəsində tədbirlər görür, həmçinin, digər ölkələrə də Azərbaycan öz yardımını göstərir. Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyi koronavirusla mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirir. Bu da “Sərhədsiz Reportyorlar” kimi təşkilatları qıcıqlandırır. Bütün bunlara rəğmən, Azərbaycan öz yolu ilə gedir”.
Vidadi ORDAHALLI