Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayonu Közbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səlim Ağayev saxlanıb.
RPŞ-nin əməkdaşları tərəfindən S.Ağayevin üzərinə keçirilən baxış zamanı onun əlindəki qutudan ümumi çəkisi 980 qram olan tiryək və 495 qram heroin aşkar edilərək götürülüb.
Saxlanan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı