Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-yə rayonun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İran İslam Respublikasında əldə etdikləri külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirib satışı ilə məşğul olmaları barədə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri Azərbaycan küçəsində saxlanıb. Həkim briqadası ilə birgə keçirilən baxış zamanı H.Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə, ümumi çəkisi 50 qram olan narkotik vasitə - heroin və 1 bükümdə 11 ədəd “Metadon” dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Məhəmməd RZAYEV polis leytenantı