Səbail Rayon Polis İdarəsinin əməkdaşları paytaxtın mərkəzi küçələrində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxsin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirib.
Nəticədə rayon ərazisində mənzillərin girişində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Səfərov saxlanıb. Araşdırma zamanı onun Səbail və Nəsimi rayonlarında ümumilikdə 36 ədəd su nasosu oğurladığı məlum olub. Saxlanan şəxs ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və şəhərin müxtəlif yerlərində satdığını etiraf edib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.