Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinən Xədicə İsmayılovanın məhkəmə iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmədə Ramella Allahverdiyeva (sədr), Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət tərkibdə, dövlət ittihamçısı qismində isə Ramazan Hadıyev iştirak edib.
Eyni zamanda prosesdə təqsirləndirilən şəxs Xədicə İsmayılovanın müdafiəçiləri Fariz Namazlı, Fəxrəddin Mehdiyev və zərərçəkmiş şəxs Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov iştirak ediblər.
Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Xədicə İsmayılovaya son söz verilib. X.İsmayılova son sözündə ona qarşı Cinayət Məcəlləsinin 125, 179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihamların saxta olduğunu, ibtidai istintaq zamanı ayrı-ayrı şəxslərin ifadələrinin qanunsuz yollarla, təzyiq altında alındığının, imzaların saxtalaşdırıldığının məhkəmə istintaqı zamanı ortaya çıxdığını, vergi müfəttişləri tərəfindən araşdırmanın yalnız prokurorluğun təqdim etdiyi sənədlər əsasında aparıldığını bildirib.
Bundan sonra, X.İsmayılova onun ittihamlarına açıq surətdə aid olmayan hallardan danışdığı üçün dövlət ittihamçı onun bu hərəkətlərinə dəfələrlə etiraz edərək məhkəmə iclasında sədrlik edənə təklif edib ki, təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihamlara açıq surətdə aid olmayan hallardan danışdığından ona xəbərdarlıq etsin.
Məhkəmə iclasında sədrlik edən Ramella Allahverdiyeva cinayət-prosesual qnunvericiliyinə əsasən X.İsmayılovanın onun ittihamına açıq surətdə aid olmayan hallardan danışdığı üçün sözünü kəsib və məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getdiyini elan edib.
Məhkəmənin yekun qərarının 1 sentyabr 2015-ci il tarixdə, saat 15:00-da elan edilməsi gözlənilir.