Bakının Qaradağ və Nəsimi rayonlarında qeydə alınan soyğunçuluq və oğurluq faktlarını törətməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonunda yerləşən marketlərin birində yeniyetməyə qarşı soyğunçuluq edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun zərərçəkənin pulunu xırdalamaq adı ilə ələ keçirərək hadisə yerindən qaçdığı məlum olub.
Digər hadisə isə Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində baş verib. Buradan mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı N.Ağamuradov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun oğurladığı mobil telefondakı mobil bank tətbiqindən istifadə edərək hesabdakı vəsaiti də xərclədiyi müəyyən edilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
ZÜMRÜD