Sonra X.İsmayılova "Azadlıq radiosu”nun Bakı bürosuna rəhbərlik etdiyi müddətdə onun imzası olduğu müqavilələrin və ya ödəniş tapşırıqları ilə bağlı sənədlər varsa, onların cinayət işinin materiallarına əlavə olunmasını istəyib.
Dövlət ittihamçısı Ramazan Hadıyev cinayət materialları içərisində bununla bağlı kifayət qədər sənədlərin olduğunu bildirərək vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin olunmayıb.
Daha sonra X.İsmayılova jurnalist Ramal Hüseynov və Elçin Zahiroğlunun şahid qismində məhkəmə prosesində dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim işlə bağlı kifayət qədər şahidlərin dindirildiyini bildirərək əlavə şahidlərin dindirilməsinə zərurət olmadığnı qeyd edib.
X.İsmayılova zərərçəkən Tural Mustafayevi müayinə edən psixiatr Araz Mansurovun şahid qismində məhkəmə prosesində dindirilməsini istəyib. Dövlət ittihamçısı R.Hadıyev isə bildirib ki, T.Mustafayevin psixi vəziyyəti ilə bağlı ibtidai istintaq zamanı psixiatrik ekspertiza təyin edilib və onun psixi vəziyyəti ilə bağlı cinayət işi materiallarında rəy var, ona görə də əlavə şahidlərin dindirilməsinə ehtiyac yoxdur. Bu səbəbdən də dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin edilməyib.
Sonra məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilləri 2010-cü ildə "Azadlıq radiosu”nun Bakı bürosunda aparılan vergi yoxlamaları barədə sənədlərin Vergilər Nazirliyindən alınaraq cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı R.Hadıyev vergi yoxlaması ilə bağlı 2008-ci ildən 2014-cü ilə qədər dövrü əhatə edən sənədlərin olduğunu bildirirərək vəsatətin təmin edilməməsini istəyib. Bu vəsatət də təmin olunmayıb.
Sonra X.İsmayılova zərərçəkən şəxsin məhkəmə prosesinə gəlməsini, bundan başqa, vəkilləri ilə görüşməsi üçün ona vaxt verilməsini istəyib. Dövlət ittihamçısı R.Hadıyev isə X. İsmayılovanın bütün vəsatətlərinin əsassız olduğunu və məhkəmə prosesini süründürməçiliklə uzatmaq məqsədi güddüyünü bildirib.
Hakim X.İsmayılovaya vəkilləri ilə görüşmək üçün vaxt verib və məhkəmə prosesində fasilə elan edilib.
Proses saat 15:00-da davam etdiriləcək.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.