Martın 5-də Emin Abbasov idarə etdiyi "Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Trend DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, onun barəsində toplanan material Xətai rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək E.Abbasov barəsində 12 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 1 ay müddətinə inzibati həbs tətbiq edilib.
Gəncədə avtoxuliqanlıq edən 5 nəfər saxlanılıb. Trend Region TV-ə istinadən xəbər verir ki, avtoxuliqanlıq edən şəxslər Gəncədə yol polisinin keçirdiyi reydlər zamanı saxlanılaraq həbs cəzası alıb. Gəncə sakinləri - 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyari və 20 yaşlı Elsəvər Qasımov sutkalıq həbs cəzası alıblar.
Bu gənclərdən ikisi digərlərindən fərqli olaraq adi hallarda deyil, toy karvanında avtoxuliqanlıq ediblər.
Toy karvanında avtoxuliqanlıq etdiyinə görə, R.Novruzov 25 sutkalıq, T.Abiyari isə 5 sutkalıq həbs cəzası alıb.
Bu gənclərdən ən çox sutkalıq həbs cəzası alan S.Qasımovdur. O, sərxoş halda avtoxuliqanlıq edib yol-nəqliyyat hadisəsi törətdiyi üçün 45 sutka həbslə cəzalandırılıb.