09/04/2020 04:17
728 x 90

Azərbaycan Dünya Bankının kreditindən imtina etdi – dövlətin gücü nümayişdə…

Pərviz Heydərov: “…ölkənin maddi imkanlarının inkişaf etməsi ilə bağlıdır”

img

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.

Dünya Bankının yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib: “Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək”.

Azərbaycanın Dünya Bankının kreditindən imtina etməsi onu deməyə əsas verir ki, artıq ölkəmizin iqtisadi gücü məcburi köçkünlərin rifah halını öz vəsaiti hesabına yaxşılaşdırmağa imkan verir.

“Vaxtilə Azərbaycan xarici maliyyə qaynaqlarından asılı idi, ancaq indi donor ölkəyə çevrilib”

İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın Dünya Bankının kreditindən imtina etməsi ölkənin maddi imkanlarının inkişaf etməsi ilə bağlıdır: “Dövlət başçısı dəfələrlə öz çıxışında qeyd edib ki, Azərbaycanın xarici dövlət borcunun artmasının əleyhinədir və bunun qarşısının alınmasının tərəfdarıdır.

Prezident hökumət qarşısında vəzifə qoyub ki, xarici maliyyə qaynaqlarından vəsaitlər əldə edilməsindən yan keçilsin. Zəruri olarsa, buna əl atıla bilər. Ümumiyyətlə, bu istiqamətdə görülən işlər Azərbaycanın xarici dövlət borcunun artmasının qarşısının alınması məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, bu yöndə aparılan siyasətin təməlini Prezident qoyub. Azərbaycanın Dünya Bankının kreditindən imtina etməsi həmin məsələnin tərkib hissələrindən biridir”.

İqtisadçı onu da vurğuladı ki, Azərbaycanın hazırkı maddi vəziyyəti kifayət qədər inkişaf edib: “Vaxtilə Azərbaycan xarici maliyyə qaynaqlarından asılı idi. Ancaq indi sevindirici haldır ki, Azərbaycan donor ölkəyə çevrilib. Nəzərə almaq lazımdır ki, Azərbaycan daxili tələbatını, investiya layihələrini öz gücünə maliyyələşdirir. Bununla yanaşı, qonşu ölkələrdən borc üçün müraciət edilirsə, biz onlara yardım edirik. Azərbaycanın maliyyə durumu yaxın illər ərzində daha da artacaq. Xüsusilə də qeyri-neft sektorunun inkişaf etməsi valyuta ehtiyatının artmasına səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər