27/09/2020 00:22
728 x 90

Turizm sahəsində yeni işə başlayanlara vergi güzəştləri nəzərdə tutulur

Elçin Rüstəmov: “Vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır”

img

Bu gün Azərbaycanda turizmin inkişafı üçün lazım olan bütün şərait mövcuddur. İstirahət mərkəzləri, otellərdə istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. Bununla yanaşı, dövlət tərəfindən də turizm sektorunda çalışanlara müəyyən güzəştlər tətbiq olunur. Eyni zamanda, turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştinin tətbiqi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Otel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. O qeyd edib ki, vergi güzəştlərinin tətbiqi ölkədə turizm biznesinin inkişafına böyük töhfə verəcək: “Turizm haqqında” qanun layihəsinin qəbulu nəticəsində gələn il ərzində çoxlu müsbət dəyişiklik baş verəcək. Azərbaycan turizmi dünyada ötən ilə nisbətən daha yaxşı tanınır. İnternet texnologiyalarının tətbiqi və mətbuatda aparılan təşviqat bu işə töhfə verib. Şəkidə, Lənkəranda aparılan sorğuların nəticələrinə əsasən, ən aşağı məmnunluq səviyyəsi aviabiletlərin qiyməti, yerli səyahət bazarı və nəqliyyat sisteminin keyfiyyəti ilə bağlıdır. Bu sahədə inkişafın baş verməsinə ehtiyac var. Buna nail olmaq, bu sahədə tövsiyələrin verilməsi üçün növbəti illərdə birgə əməkdaşlığın qurulması qarşıda duran əsas vəzifələrdəndir”.

Ekspertlərin fikrincə, turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştinin tətbiq olunması turizm sektorunun inkişafına səbəb olacaq.

  • “…orta və kiçik sahibkarlığın inkişafına çox böyük töhfə olacaq”

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bildirdi ki, vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır: “Turizmin inkişafına dəstək məqsədilə istifadə oluna biləcək iqtisadi alətlər rəngarəngdir. Təmənnasız olaraq dövlət tərəfindən torpaq sahəsi verilə bilər, vergi güzəştləri, ölkəyə turizm sahəsində mütəxəssislərin cəlb olunmasında da güzəştlər tətbiq oluna bilər, yeni turizm obyektləri üçün xaricdən gətirilən avadanlıqlara tətbiq olunan aksiz dərəcələrində güzəştlər mümkündür. Bundan başqa, potensialı olan regionlarımız var ki, onlara az investisiya yatırılır. Həmin regionlarda turizmlə məşğul olan sahibkarlara vergi güzəştləri edilə, hətta bir neçə il gəlir vergisindən azad oluna bilərlər".

Həmsöhbətimiz onu da vurğuladı ki, turizm sektoruna vergi güzəştlərinin tətbiq olunması qeyd olunan sahənin inkişaf etməsinə səbəb olacaq. Xüsusilə də orta və kiçik sahibkarlığın inkişafına çox böyük töhfə olacaq: “Vergi güzəşti qüvvəyə minərsə, bu hal ölkəmizin turizm sənayesinin inkişafına öz təsirini göstərəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər