11/12/2019 05:02
728 x 90

Sığorta şirkətlərinin yeni problemi – “rentakar” maşınları niyə sığorta olunmur…

Xəyal Məmmədxanlı: “Maşın icarəyə verən şirkətlər xüsusi risq qrupuna aid edildiyi üçün, sığorta portfeli olduqca zərərlidir”

img

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da avtomobil kirayəsi biznesi geniş yayılıb. Bu da təbiidir. Çünki xeyli sayda ölkə vətəndaşı, eləcə də xarici turistlər müxtəlif şəhər və rayonlarımıza, hətta ucqar kəndlərə rahat səfər etmək, ürəyi istəyən kimi gəzmək üçün kirayəyə avtomobil götürür. Yəni bu xidmətə tələbat var və getdikcə artır.

Bakıda avtomobil icarəsi xidmətləri son illər inkişaf etməyə başlayıb. Bu biznes sahəsində əvvəlki illərlə müqayisədə canlanma müşahidə olunur. Əksər vaxt şirkətlər ekonom-klass və premium paketlər təklif edirlər. Onların xidmətlərindən isə həm yerli əhali, həm də turistlər istifadə edirlər.

Odur ki, ölkədə avtomobil kirayəsi şirkətlərinin də sayı artmaqdadır. Şirkətlərin müştəri sarıdan bir problemi olmasa da, maşınların sığortalanmasında vəziyyət heç də yaxşı deyil. Sahibkarlar bir çox hallarda avtomobilləri sığorta etdirə bilmədiklərini və bu işdə çətinlik çəkdiklərini bildirirlər.

Nəzərə almaq lazımdır ki, xoşagəlməz halların qaçılmazlığı sığortanın vacibliyini hər zaman ön plana çəkir. Məsələnin həlli isə həm sığorta şirkətləri, həm də sahibkarların razılaşmasından asılıdır. 

Maşın icarəsi ilə məşğul olan menecer Təbriz İlyasov bildirdi ki, onlar icarə avtomobilləri sığorta etdirməkdə çətinlik çəkirlər: “Bir çox halda olur ki, sığorta menecerləri yaxınlaşıb şərtlərini deyirlər, biz razılaşırıq, bizi ofislərə dəvət edirlər. Biz o ofislərə gedib hazır sənədlərə imza çəkmək üzrə olarkən artıq onların rəhbərliyindən xəbər gəlir ki, bu, xüsusi risqli qrupa aiddir. Maraqlıdır, taksilərlə bağlı bu kimi problem yaşanmır. Avtomobillərin sığortalanmaması müştəriləri də narahat edir. Onlar əsasən də bahalı maşını götürməkdə çətinlik çəkdiklərini deyirlər. Müştərilər deyirlər ki, onlar bahalı maşın icarəyə götürmək istəyirlər, lakin sığortası olmadığını görəndə imtina edirlər”.

  • “…bizim sahibkarlar həmin qiymətə avtomobillərinin birillik sığortasını tələb edirlər, təbii ki, bu mümkün olan bir şey deyil”

Sığorta eksperti Xəyal Məmmədxanlının sözlərinə görə, maşın icarəyə verən şirkətlər xüsusi risq qrupuna aid edildiyi üçün, sığorta portfeli olduqca zərərlidir. Ona görə də sığorta şirkətləri bir çox hallarda bu risqləri sığortalamaqdan imtina edirlər: “Amma bizim sahibkarlar həmin qiymətə avtomobillərinin birillik sığortasını tələb edirlər. Təbii ki, bu mümkün olan bir şey deyil. Çünki risq fiziki şəxslərə məxsus avtomobillərdən dəfələrlə artıqdır. Təbii ki, risq nə qədər artıqdırsa, sığorta haqqı da bir o qədər artıq olmalıdır”

Günel CƏLİLOVA

Son xəbərlər