12/12/2019 03:01
728 x 90

Tikinti şirkətlərinin külli məbləğdə vergidən yayınmasının sonu çatdı – çoxillik fırıldağa son qoyulur…

Nüsrət İbrahimli: “Tikinti şirkətləri üçün sadələşdirilmiş verginin ləğvi evlərin bahalaşmasına səbəb ola bilməz”

img

“Tikinti şirkətləri vahid vergi rejimində fəaliyyət göstərdikdən sonra məcbur olacaqlar ki, bütün xərclər göstərilsin, belə olan halda evlərin satış qiyməti ilə xərcləri arasındakı fərq kiçiləcək”

Xəbər verildiyi kimi, gələn ildən Azərbaycanda tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcək. Komitə sədri bildirib ki, həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər: "Eyni zamanda, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək".

Maraqlıdır, tikinti şirkətləri ilə bağlı tətbiq olunan yeni qayda evlərin satış qiymətinə təsir edəcəkmi? Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli qeyd etdi ki, tikinti şirkətlərində mühasibatlıq dəqiq qurulmamışdı və bir nəfər oturub, sadəcə olaraq ümumi rəqəmləri hesablayır, dəqiqləşdirilmiş hesabat aparmırdı. Digər səbəb isə tikinti şirkətlərinin tikinti xərci ilə satış qiyməti arasındakı fərqin çox böyük olması idi. Buna görə də onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq sərf edirdi. N.İbrahimov hesab edir ki, tikinti şirkətləri üçün sadələşdirilmiş verginin ləğvi evlərin bahalaşmasına səbəb ola bilməz:“Tikinti şirkətləri vahid vergi rejimində fəaliyyət göstərdikdən sonra məcbur olacaqlar ki, bütün xərclər göstərilsin və rəsmi sənədləşdirmə işləri baş tutsun. Bundan sonra evlərin satış qiyməti ilə xərcləri arasındakı marja (fərq) kiçiləcək. Real uçot nəticəsində Əlavə Dəyər Vergisi tikinti şirkətləri üçün daha sərfəlidir. Onların özləri də şahid olacaq ki, uçotlar düzgün aparılsa, sadələşdirilmiş vergidən belə az vəsait ödəyəcəklər”.

Günel CƏLİLOVA

Son xəbərlər