09/12/2019 10:59
728 x 90

Azərbaycanın dəniz limanları dünyada birinci oldu – yüksək reytinqin əsasları…

Elşad Məmmədov: “Hazırda Azərbaycanın dəniz nəqliyyatı inkişaf dövrünü yaşayır”

img

Xəbər verildiyi kimi, Azərbaycanın dəniz limanlarında xidmətlərin səmərəliliyi indeksi 68,6-ə yüksəlib ki, bu göstəriciyə görə Azərbaycan Dünya İqtisadi Forumunun dərc etdiyi siyahıda 141 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”nda deyilir. Hesabata görə, Azərbaycan sözügedən göstərici üzrə Kanada (68,4), İrlandiya (66,7), Yeni Zelandiya (65,6), Portuqaliya (64,6) və bu kimi dənizçiliyi inkişaf etmiş ölkələri qabaqlayıb. Qeyd edək ki, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” göstəricisində 25-ci yer tutaraq MDB ölkələri arasında lider olub.

Onu da bildirək ki, səmərəlilik indeksi dəniz limanlarında təklif olunan xidmətlərin tezliyini, dəqiqliyini, sürətini və dəyərini qiymətləndirir.

  • “Son illər Azərbaycanın liman infrastrukturu müəyyən irəliləyişlərə nail olub”

Dəniz limanlarında xidmətlərin səmərəliliyinin inkişaf etməsi barədə fikir bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-ekspert Elşad Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  son illər Azərbaycanın liman infrastrukturu müəyyən irəliləyişlərə nail olub: “Həmin irəliləyişlər əsasən dövlət investisiyaları ilə bağlıdır. Dəniz limanında qeydə alınan inkişaf beynəlxalq hesabatlarda da öz əksini tapır”.

İqtisadçının sözlərinə görə, yaxın ölkələrlə müqayisədə Azərbaycanın dəniz nəqliyyatına əsaslı kapital qoyuluşları artıb. Eyni zamanda, bazar iqtisadiyyatı sistemindən söhbət gedirsə, nəqliyyat sektoruna özəl   investisiyaların ön plana çıxmasına da tələbat var.

Həmsöhbətimiz qeyd etdi ki, hazırda Azərbaycanın dəniz nəqliyyatı inkişaf dövrünü yaşayır. Bu inkişaf beynəlxalq təşkilatların, xarici media orqanlarının diqqətindən yayınmır. Professor hesab edir ki, dəniz nəqliyyatı ilə yanaşı, hava nəqliyyatı da inkişaf etməkdədir. Onun fikrincə, beynəlxalq səviyyədə rəqabət  qabiliyyətini artırmaq üçün Azərbaycan iqtisadiyyatı daha da güclənməlidir: “Bunun üçün hava nəqliyyatının  həm tarif, həm də marketinq siyasətini inkişaf etdirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dəniz və hava nəqliyyatı sahəsində böyük inkişaf potensialı var”.

Günel CƏLİLOVA

Son xəbərlər