“Doing Business” hesabatında kredit alınma üzrə ölkənin yüksək pilləyə irəliləməsinin səbəbi həyata keçirilən islahatlarla bağlıdır”
Dünya Bankı tərəfindən dünya ölkələrinin iqtisadiyyat, xüsusilə də biznes və investisiya mühitlərinin hərtərəfli analiz olunduğu "Doing Business” hesabatının 2020-ci il buraxılışı dərc olunub. Hesabatın nəticələrinə əsasən, keçənilki buraxılışda olduğu kimi, bu il də Azərbaycan yüksək sıralarda qərarlaşıb, ölkəmizdə həyata keçirilən islahatlara əsasən müxtəlif meyarların dəyərləndirilməsi üzrə göstəricilər daha da yaxşılaşdırılıb. Hesabatda qeyd olunan məsələlərdən biri də kredit alınması indikatoruna görə ölkəmizin ən yüksək nəticə əldə edərək 190 ölkə arasında ötənilki 22-ci mövqedən 1-ci yerə yüksəlməsidir. Xüsusilə bildirək ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin və özəl kredit bürosunun yaradılması, həmçinin "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Məcəlləsinə müvafiq dəyişikliklərin, sadələşdirmələrin edilməsi bu nəticəni şərtləndirən amillərdəndir. Kredit alınması indikatoruna görə ölkəmizin birinci yerdə qərarlaşmasına münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, "Doing Business” hesabatında kredit alınma üzrə ölkənin yüksək pilləyə irəliləməsinin səbəbi həyata keçirilən islahatlarla bağlıdır. Ölkədə keçirilən islahatlar əhalinin müvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaratdı: “Görülən tədbirlər, kredit resurslarına çıxışda çeviklik və şəffaflığın formalaşması beynəlxalq hesabatlarda da öz əksini tapıb. Bu islahatlar davam etdirilir. Hazırda qarşıda duran əsas məsələ faiz siyasətinin yumşaldılması və ünvanlı kredit investisiyanın reallaşdırılmasından ibarətdir. Kredit resurslarına əlçatanlıq institutlar vasitəsilə deyil, həm də daha yumşaq faiz və pul-kredit siyasəti ilə təmin olunsun”.
Günel CƏLİLOVA