Azərbaycan bankları biznes kreditləşməsinin aktivləşdirilməsinə dair təkliflər paketi hazırlayacaq. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
MBNP-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və kommersiya banklarının rəhbərliyi ilə görüş keçirilib.
“Görüşdə maliyyə bazarlarındakı cari vəziyyət, bank sektorunun effektivliyi, real sektorun inkişafında bank sektorunun rolu, biznes kreditləşməsi sahəsində problemlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bank sektoru üzrə göstəricilərin yaxşılaşdığını qeyd edib.
Bankların istehlak kreditlərinin verilməsinə daha çox üstünlük verməsi ilə bağlı dövlət başçısının səsləndirdiyi haqlı iradına əsasən İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keçmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb.
“Bankların rəhbərləri biznes kreditlərinin artmı məqsədilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.
Görüşün sonunda bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb.
Bundan başqa, görüş iştirakçıları biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsini məqsədəuyğun hesab ediblər.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6,5% - 13 mlrd. 865,5 mln. manatadək artıb.
MBNP-nin məlumatına görə, 2018-ci ildə banklar tərəfindən 7,4 mlrd. manat ($4,3 mlrd.) kredit verilib ki, bunun da 4,3 mlrd. manatını biznes kreditləri (2018-ci ildə artım 7,2%) təşkil edib.