12/11/2019 05:38
728 x 90

Türkdilli ölkələrin dünya bazarlarına çıxışında Azərbaycanın tranzit imkanları...

Azər Allahverənov: “Azərbaycanın tranzit ölkə olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışında rolu daha da artacaq”

img

“Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir”. Bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev səsləndirib.

Dövlət başçısının sözlərinə görə, tarixən qədim İpək Yolu üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin fəal iştirakçılarından biridir. 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına müştərək töhfəmizdir. Beynəlxalq Bakı Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.

Görünən odur ki, Azərbaycanın tranzit daşımalarla bağlı imkanları çoxşaxəlidir. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Azərbaycan tranzit ölkə kimi türk ölkələrinin dünya bazarına çıxışında necə rol oynayır?

  • “Şərqlə Qərbi, Cənubla Şimalı əlaqələndirən nəqliyyat yollarında ən optimal variant Azərbaycan üzərindən keçən yollardır”

Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycan bu sahədə əhəmiyyətli rol oynayır: “Azərbaycan həm də bu sahədə açar rolunu oynayır. Azərbaycan ərazisindən yüklər daşınmasa, o zaman digər yollardan istifadə ediləcək. Ancaq məsələ ondadır ki, həmin yollar həm uzundur, həm də nəqliyyat xərcləri baxımından vəsait çox tələb edir. Ona görə də türkdilli ölkələr üçün Azərbaycan üzərindən yüklərin daşınması daha sərfəlidir. Şərqlə Qərbi, Cənubla Şimalı əlaqələndirən nəqliyyat yollarında ən optimal variant Azərbaycan üzərindən keçən yollardır. Azərbaycanın türkdilli dövlətlər üçün tranzit ölkə funksiyasını yerinə yetirməsi başadüşüləndir. Artıq bəlli məsələdir ki, Azərbaycan üzərindən Çindən Avropa istiqamətində gedən yüklər artır. O cümlədən, Avropada istehsal olunan məhsulların müəyyən bir qismi Azərbaycan üzərindən Asiya bazarlarına daşınır. Yaxın perspektivdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işə salınacağı gözlənir. Bundan türkdilli dövlətlər də faydalanacaqlar. Həmin dəhliz vasitəsilə daha çox məhsulun daşınmasına şərait yaranacaq. Nəticədə Azərbaycanın tranzit ölkə olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışında rolu daha da artacaq. Özbəkistan Azərbaycanın tranzit imkanlarından get-gedə daha çox istifadə edir. Bu ölkə pambıq məhsullarını Azərbaycan vasitəsilə dünya bazarına çıxarır. Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəmərinin imkanlarından istifadə edir. Türkmənistanın da bu işlərdə fəal iştirak edəcəyi gözlənir. Artıq Bakı-Tiflis-Qars dəmir yolu, Ələt limanı vasitəsilə yüklərin daşınmasına maraq get-gedə daha da artır. Avtomobil yollarının imkanlarından da istifadə edilir. Bütün bunlar Azərbaycanın bu və ya digər formada türkdilli dövlətlər üçün nəzərdə tutulan yükdaşımalarda fəal iştirak etdiyini göstərir”.

Vidadi ORDAHALLI

Son xəbərlər