19/10/2019 17:02
728 x 90

İstehlakçının tələb etdiyi hər şeyə görə kredit verilməməlidir...

Fuad İbrahimli: “…bir çox xarici ölkədə istehlak kreditləri verən ayrıca banklar var”

img

“İstehlak kreditləri haqqında” qanun layihəsinin hazırlanması təklif olunur. Belə bir təklifi Milli Məclisin ötən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli səsləndirib. O qeyd edib ki, sözügedən sənədi banklar hazırlasa, öz maraqlarından çıxış edəcəklər: “Təklif edirəm ki, ya ayrıca qanun layihəsi hazırlansın, ya da Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun”.

Bununla yanaşı, istehlak kreditlərini verən ayrıca bankların yaradılması da təklif olunur. Qeyd edək ki, bu gün bankların əksəriyyəti istehlak kreditləri verir. Banklar real və biznes sektoruna kredit ayırmağa maraqlı olmasa da, istehlak kreditlərinə daha çox maraq göstərirlər.

  • “Bu gün istehlak kreditinin ödənilməsi mexanizmində kifayət qədər boşluq var”

İqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəmizdə "İstehlak kreditləri haqqında" qanun layihəsinin hazırlanmasına ehtiyac var: "Elə qaydalar olmalıdır ki, verilən kreditlər istehlaka deyil, daha çox istehsala yönəldilsin. Bir az iqtisadi canlanma olan kimi bizim banklar istehlak sektoruna yönəlirlər. Bu, iqtisadiyyat üçün o qədər də normal hal deyil. Xüsusilə də inkişaf etməkdə olan ölkə üçün istehlakı yox, istehsalı kreditləşdirmək lazımdır. Bununla bağlı ayrıca qanun olmalıdır və istehlaka yönəldilən kreditlər məhdudlaşdırılmalı, kifayət qədər yüksək tələblər qoyulmalıdır".

Ekspert hesab edir ki, əhaliyə verilən istehlak kreditləri üçün tələblər ciddi olmalıdır: “Danılmaz faktdır ki, bu gün banklar telefon, maşın, mebel, səyahət və digər nəsə əldə edilməsi üçün vətəndaşlara kredit verirlər. Ümumiyyətlə, istehlakçının tələb etdiyi hər şeyə görə kredit verilməməlidir. Bu işlə ayrıca bank məşğul olmalıdır.

Məlumat üçün bildirim ki, bir çox xarici ölkədə istehlak kreditləri verən ayrıca banklar var. Bununla yanaşı, investisiya bankları da mövcuddur. Bu cür bankların fəaliyyəti qanunla tənzimlənir. İstehlak kreditləri verən bankların fəaliyyəti də "İstehlak kreditləri haqqında" qanunla tənzimlənə bilər".

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda ixtisaslaşmış banklar olmasa belə, yenə "İstehlak kreditləri haqqında" qanunun qəbul olunmasına ehtiyac var: “Bəllidir ki, bu gün istehlak kreditinin ödənilməsi mexanizmində də kifayət qədər boşluq var. Elektron bankçılıq inkişaf etdiyi bir dönəmdə vətəndaşlar kredit ödənişini nağd şəkildə həll edir”.

Günel CƏLİLOVA

Son xəbərlər