Azərbaycanda bəzi banklarda 100 dollarlıq əskinasların qəbulu ilə bağlı problem yaranıb. Söhbət 1993-cü ilə qədər tədavülə buraxılan əskinaslardan gedir. Banklar həmin pul nişanının dövriyyədən çıxarıldığını iddia edərək qəbul etmirlər. Məsələni dəqiqləşdirmək üçün banklarla əlaqə saxladıq.
“AtaBank”ın ictimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbul olunan hər bir əskinas mütləq xüsusi aparat vasitəsilə yoxlanılır: “Əskinas istifadəyə yararsız vəziyyətdədirsə, o zaman həmin vəsait qəbul olunmur. İstifadəyə yararlı olduğu aparat vasitəsilə təsdiq olunarsa, onun hansı ildə tədavülə buraxıldığı önəmli deyil”.
Maliyyə Bazarlarına Nəzarət Palatası: “1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir”
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidməti məsələ ilə bağlı verdiyi açıqlamada qeyd etdi ki, bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir: “1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir. Banklarda apardığımız araşdırmada məlum olub ki, bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir. Bu vəsaitlərin həcmi də çox olmadığından, nağd formada xarici ölkəyə daşınması daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da, öz növbəsində, banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda “ölü” vəsaitə çevrilir. Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əskinaslar qəbul edilmir”.
Natiq Cəfərli: “Azərbaycanda fəaliyyət göstərən banklar da dövriyyəsinə məhdudiyyət qoyulmayan pul əskinaslarının qəbulunda problem yaratmamalıdırlar”
İqtisadçı Natiq Cəfərli isə bildirdi ki, Amerika qanunvericiliyində əskinasların dövriyyəsilə bağlı qadağalar mövcud deyil: “Yeni əskinaslar buraxıldıqca, Amerika Mərkəzi Bankı köhnələri dövriyyədən çıxarmadan əvəzləyir. Hətta vətəndaşların əlində 1920-1930-cu illərdə buraxılmış əskinaslar var ki, Amerika Mərkəzi Bankı onları qəbul edir. Yəni əskinasların dövriyyədə olma müddətilə bağlı məhdudiyyət yoxdur. Bu baxımdan, Azərbaycanda da köhnə dollarla bağlı eyni qaydalar tətbiq olunur. Köhnə pul vahidləri dövriyyədən çıxarılmayıbsa, onların banklar tərəfindən qəbulunda məhdudiyyət ola bilməz, istər xarici valyuta olsun, istərsə də yerli valyuta. Azərbaycanda da yeni nişanlamalarla 10 manatlıq əskinaslar buraxılıb. Yeni 10 manatlıqlarla bərabər, köhnə 10 manatlıqlar da dövriyyədədir. Mərkəzi Bank da açıqlama verdi ki, bu pul nişanları məhdudiyyətsiz olaraq dövriyyədədir. O cümlədən, Azərbaycanda fəaliyyət göstərən banklar da dövriyyəsinə məhdudiyyət qoyulmayan pul əskinaslarının qəbulunda problem yaratmamalıdırlar. Amerika dolları ilə bağlı məhdudiyyət yoxdur”.
Günel CƏLİLOVA