Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan fiziki şəxslərin pulunu qaytaracaq.
Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl problemli kreditlərlə əlaqəli məsələni həll etdi. Ancaq bağlanmış banklarda sığortalanmamış əmanətlərlə bağlı məsələ problem olaraq qalırdı. Bu problemin həll olunması üçün aidiyyəti şəxslər dəfələrlə Prezidentə müraciət ediblər.
Məlumdur ki, ölkə başçısı İlham Əliyev sosialyönümlü islahatların davamı olaraq əhalinin bank sektoruna inamını bərpa etmək üçün problemli kreditlər məsələsini həll etdi. Sosial islahatların davamı olaraq artıq sığortalanmayan əmanətlərin geri qaytarılmasına da çarə tapıldı.
Məlumat üçün bildirək ki, banklar müflis olmazdan əvvəl sığortalanan əmanətlər 30 min manat idi. Həmin dövrdə dolların kursu 0.78 qəpik olub və dolların məzənnəsi manatdan aşağı olduğu üçün, insanlar rahatlıqla banklara pul qoya bilirdilər. Devalvasiyadan sonra manatın kursu 1.60, 1.70-ə qalxan kimi sığortalanan əmanətlər qaytarılanda, 0.78 ilə qoyuldu 1.60-1.65 ilə hesablandı və insanların sığortalanmış əmanətlərinin yarı nisbəti, yəni 10 min dollara qədər olan əmanəti sığortadan kənar qaldı.
“İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq”
İqtisadçı-ekspert Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər: “Yəni müflis olan bankda vətəndaşların qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq”.
Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib: “Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. İndiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq. İndiyədək müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi, lakin sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki, bank həmin vəsaitdən istifadə edərək gəlir əldə etdi. Amma vətəndaş pulunu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan banklarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılacaq. Bu o deməkdir ki, sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq”.
Günel CƏLİLOVA