Son zamanlar sığorta şirkətlərinin fəaliyyəti qənaətbəxş sayılmır. Bunun səbəbi odur ki, bəzi sığorta şirkətlərinin sığorta haqqı toplamasında problemin yaranıb. Məlumatlara görə, Azərbaycanın 22 sığorta şirkətindən 12-si ötən ilin 7 ayı ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində daha az sığorta haqları toplayıb.
9 sığorta şirkətinin topladığı sığorta haqları artıb, 1 sığorta şirkəti isə bu il fəaliyyətə başladığından müqayisəsi yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunur ki, “AtaSığorta”, “Atəşgah Həyat” Sığorta, “Atəşgah” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta, “Azərbaycan Sənaye Sığorta”, “AZSIĞORTA”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “Paşa Həyat Sığorta”, “Qala Həyat” və “Standard Insurance” şirkətlərinin topladığı sığorta haqları azalıb.
Məlumat üçün bildirək ki, ötən ilin 7 ayı ilə müqayisədə 2019-cu ilin 12 ayı ərzində sığorta ödənişləri 10 şirkətdə azalıb, 11-də artıb. 1 sığorta şirkəti isə bu il fəaliyyətə başladığından müqayisəsi yoxdur.
Maraqlıdır, 22 sığorta şirkətindən 12-si sığorta haqqı toplamaqda niyə çətinlik çəkir? Bunun səbəbi nə ilə bağlıdır?
Xəyal Məmmədxanlı: “Sığorta haqqını gətirən əsas seqmentlər böyük şirkətlər arasında bölünüb, kiçik risqlər isə fəaliyyət dairəsi nisbətən böyük olmayan şirkətlər arasında bölünüb”
Sığorta eksperti Xəyal Məmmədxanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sığorta bazarında ən çox sığorta haqqı beş şirkətin payına düşür. Yerdə qalan şirkətlərin əksəriyyəti ümidini icbari sığortaya bağlayıb: “İcbari sığorta elə bir sahədir ki, bütün sığorta şirkətləri bununla məşğul olur. Kiçik sığorta şirkətlərinin əksəriyyətində könüllü sığorta sarıdan satış həyata keçirilmir. Bu səbəbdən həmin şirkətlərdə icbari sığorta həyata keçirilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, icbari sığorta kiçik sığorta şirkətləri üçün zərərlidir. Ona görə də həmin sığorta şirkətlərində zərər qeydə alınır. Ancaq iri sığorta şirkətləri iri inşaat risqləri olan korporativ sığorta satışını həyata keçirir. Məlumat üçün bildirim ki, sığorta haqqını gətirən əsas seqmentlər böyük şirkətlər arasında bölünüb. Kiçik risqlər isə fəaliyyət dairəsi nisbətən böyük olmayan şirkətlər arasında bölünüb”.
Namiq QULİYEV