Məlum olduğu kimi, Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası başlayıb. Rusiya Federasiyasının Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrindən 30-dan çox şirkət səfər zamanı öz potensiallarını təqdim edib və edəcək.
Qeyd edək ki, işgüzar missiya Kiçik və Orta İxracatçılar Birliyi və Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunur. Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası pilot layihədir, iş missiyasının yeni formatı, tədbirin maksimum səmərəliliyini təmin etmək üçün bölgələrin ən yaxşı təcrübələrini Rusiya İxrac Mərkəzinin imkanları ilə birləşdirməkdir.
İşgüzar missiya çərçivəsində Rusiyalı sahibkarla Azərbaycanlı həmkarları iş ortaqlığı qurmaqda maraqlıdır. Hətta, Bryansk, Saratov, Moskva, Vladimir şirkətləri Azərbaycanda iş ortaqları axtarır.
Maraqlıdır, Rusiya vilayətlərinə məxsus şirkətlərin Azərbaycanla əməkdaşlıq etmək istəyi ölkə iqtisadiyyatına nə kimi töhfə verəcək?
Rəşad Həsənli: “Rusiyalı sahibkarların diqqətinə Azərbaycan iqtisadiyyatının potensialı haqqında dolğun məlumatlar çatdırmaq lazımdır ki, xarici sahibkarlar ölkə iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olsunlar”
İqtisadçı ekspert Rəşad Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, rusiyalı sahibkarlar öz məhsullarını ilk növbədə Azərbaycan bazarında satmağa çalışır: “Daha yaxşı olar ki, rusiyalı sahibkarlarla yanaşı, xarici iş adamları da Azərbaycanda mövcud potensialdan istifadə edərək müxtəlif investisiya layihələrində iştirak etsinlər. Bu, ölkə iqtisadiyyatı üçün imkanlar formalaşdıracaq. Bununla istehsal mühiti genişlənəcək, yaradılan əlavə dəyərin həcmi artacaq, eyni zamanda rəqabətli məhsul istehsalı xarici təcrübənin idxalında arta bilər. İndiki halda ölkəyə gələn şirkətlər daha çox öz məhsullarını Azərbaycan bazarında yerləşdirmək məqsədi daşıyır. Təbii ki, bu amil də Rusiya ilə Azərbaycan arasında xarici ticarət əlaqələrinin genişlənməsinə səbəb ola bilər. Əsas üstünlük Rusiya tərəfindən Azərbaycana ixrac olunacaq məhsulların həcmində olacaq. Təbii ki, bu, ölkəyə daxil olacaq valyutanın həcminə təsir edəcək”.
İqtisadçı hesab edir ki, rusiyalı sahibkarların diqqətinə Azərbaycan iqtisadiyyatının potensialı haqqında dolğun məlumatlar çatdırmaq lazımdır. Belə olarsa, xarici sahibkarlar ölkə iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olar.
Ülviyyə NAĞIYEVA