Xəbər verildiyi kimi, avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.
Məlumat üçün bildirək ki, “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Qeyd edək ki, zavodda istehsal olunan məhsullar daxili təlabı ödəməklə yanaşı, həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcək.
Danılmaz faktdır ki, kombiyə təlabat yüksəkdir. Belə bir məhsulun ölkəmizdə istehsal olunması və gələcəkdə onun xarici ölkələrə ixrac olunması qeyri-neft sektorunun inkişaf etməsinə səbəb olacaq.
Rəşad Həsənov: “Kombinin ölkəmizdə istehsal olunması yerli tələbatı ödəməklə yanaşı, ixrac olunması xaricə valyuta axınının qarşısını alacaq”
Iqtisadçı ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kombinin ölkəmizdə istehsal olunması yerli təlabatı ödəməklə yanaşı, ixrac olunması xaricə valyuta axınının qarşısını alacaq: “Bu iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətli məsələdir. Çünki bu zavod sayəsində yaradılacaq iş yerlərinin sayı artacaq. Təbii ki, bu amil iqtisadiyyata müsbət təsir göstərəcək”.
Həmsöhbətimizin sözlərinə görə, kombi istehsalı və onun satışının artması üçün ilk növbədə keyfiyyətə xüsusi diqqət yetirmək lazımdır: “Məlumdur ki, adıçəkilən məhsulun istehsalı və satışı ilə bağlı bazarda ciddi rəqabət var. Xüsusilə də region ölkələri, Türkiyə daxil olmaqla, bu istiqamətdə uzunmüddətli ixtisaslaşıblar. Danılmaz faktdır ki, Çin təmayüllü məhsullar dünya bazarında istehsalçılar tərəfindən şübhə ilə qarşılanır. Bu səbəbdən də Azərbaycanda istehsal olunacaq kombi yerli istehsalçının rəğbətinin qazanmalıdır ki, məhsul brend kimi tanına bilsin”.
Iqtisadçı onu da əlavə etdi ki, “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun istehsal etdiyi kombi daxili bazarı təmin etməklə yanaşı, qonşu ölkələrə də ixrac olunacaq. Məlumdur ki, Azərbaycan bazarı nisbətən iri investisiyalı istehsal istiqamətləri üçün kiçik hesab olunub: “İxrac potensialının düzgün qiymətləndirilməsi, ixracın həyatın keçirilməsi biznes layihələrinin dayanıqlılığı baxımımdan əsas məqamlardan biridir. İxracın müsbət tərəfləri ondan ibarətdir ki, qeyri-neft mənşəli məhsulların ixracı hesabına ölkəyə daxil olacaq valyutanın həcminin artmasına səbəb olacaq. Bu amil ölkədə valyuta sabitliyinin qorunmasına səbəb olacaq”.
Günel CƏLİLOVA