19/08/2019 06:27
728 x 90

1, 3 və 5 qəpiklər dövriyyədə olmasa nə baş verər ki…

img

Bu gün supermarketlərdə istehlakçıların üzləşdiyi problemlərdən biri də alış-veriş edərkən xırda pul qalıqlarını ala bilməmələridir. İlk baxışdan gözə görünməyən məbləği ala bilməmək bir müddət sonra alıcıların narazılıqlarına səbəb olur.

Hətta bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmurlar. Onları “Bakıkart”a vurub metrolarda istifadə edə bilmirik. Bu cür qəpiklərdən yalnız böyük marketlərdə istifadə etmək mümkündür. Bu səbəbdən də 1-3-5 qəpiklərin dövriyyədən çıxarılması təklif olunur.

  • Eyyub Hüseynov: “Xırda nominallı pulların dövriyyəsində böyük problem var”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, xırda nominallı pulların dövriyyəsində böyük problem var: “Bu məsələ o halda problem deyil ki, kassir həmin qəpiyi versin, müştəri götürməsin və ya onlar bunu öz aralarında həll etsin. Amma digər hallarda bu, istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Düşünürəm ki, bunu edən marketlər istehlakçı hüququnu pozan marketlərdir. Belə halda, istehlakçı öz hüququnu müdafiə etmək üçün aidiyyəti qurumlara müraciət edə bilər”.

  • Natiq Cəfərli: “1 və 3 qəpiklərin dövriyyədən çıxarılması…”

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, 1 və 3 qəpiyədək pulların istehsalına son qoyulmalıdır: “Məlumdur ki, 2015-ci ildə iki dəfə devalvasiya hadisəsi baş verdi. Devalvasiyadan sonra belə bir şərait yaranıb ki, bu pulların istehsalına çəkilən xərclər həmin pullardan daha bahadır. Buna görə də xırda pullarla bağlı məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə, 10 qəpiyə qədər olan nominal qəpiklər dövriyyədən çıxarılmalı və onların istehsalına əlavə xərc çəkilməsinə ehtiyac yaranmamalıdır. Buna görə də 1 və 3 qəpiklərin, ümumiyyətlə, dövriyyədə qalmasının bir mənası yoxdur, onları dövriyyədən çıxararaq istehsalına çəkilən xərcin azaldılmasında yarar var. Marketlər həmin qəpikləri vermədikləri halda, müştərilərin o qəpikləri istəməkdən utanmağını anlamaq mümkündür. Amma, praktiki olaraq, o qəpiklərin işlənməsi mümkünsüz hala gəlib. Ümumilikdə, bu məsələnin həlli ilə bağlı birdəfəlik Mərkəzi Bankın yanaşması olmalıdır. 1 və 3 qəpiklərin dövriyyədən çıxarılması iqtisadi nöqteyi-nəzərdən daha məntiqəuyğundur”.

Günel CƏLİLOVA

Son xəbərlər