17/08/2019 15:35
728 x 90

Mərkəzi Bank kredit faizlərini endirdikcə kommersiya bankları varlanır – həm də əhalinin hesabına...

“Bütün bunlar onu göstərir ki, banklar məqsədyönlü şəkildə soyğunçuluqla məşğuldurlar”

img

Prezident İlham Əliyev zaman-zaman əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görür. Məlum olduğu kimi, neçə il idi ki, problemli kreditlərlə bağlı ciddi çətinliklər yaşanırdı. Ölkə başçısının qərarı ilə bu məsələ yoluna qoyuldu. Məsələ ondadır ki, 10 min dollara qədər olan kreditlərlə bağlı Prezident 682 milyon manat vəsait ayırıb.

Prinsipcə, banklar aldıqları vəsaitlər hesabına sahibkarlara, fiziki şəxslərə verdikləri kredit faizlərini aşağı salmalıdırlar. Bu minvalla, banklar real sektorun inkişafı üçün maliyyə vəsaitinin qoyuluşuna şərait yaratmalıdırlar.

Bu arada Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub.

Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.

Bu gün sahibkar istənilən bankdan kredit götürməkdə çətinlik çəkir. Yaxud Sahibkarlığın İnkişafı Fondunun ayırdığı güzəştli krediti sahibkar bankdan gedib ala bilmir. Əmanətləri 12 faizlə götürür, amma krediti 25 faizlə verir.

Görülən bütün müsbət addımlara baxmayaraq, banklar bundan öz mənafeyi üçün istifadə edirlər. Əhali hesabına daha da varlanmaq istəyirlər. Qeyd edək ki, hazırda kommersiya bankları kreditləri 36 faizə qədər təklif edirlər.

  • Rəsul Cahangirli: “Banklar sahibkarlığın inkişafında, fiziki şəxslərin ucuz kredit resursları əldə etməsində maraqlı deyillər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, banklar hər fürsətdə soyğunçuluqla məşğuldurlar: “Bunu mövcud vəziyyət açıq-aşkar sübut edir. Məsələ ondadır ki, problemli kreditlərlə bağlı ölkə başçısı qərar verəndə kredit faizlərinin aşağı düşəcəyinə böyük ümid yarandı. Çünki sözügedən qərar bankların maliyyə imkanlarını xeyli artırdı. Ancaq çox təəssüflər olsun ki, bu baş vermədi. Azərbaycanda bank faizlərinin yüksək olması bütün dövrlər üçün əsas narazılıq yaradan səbəb olub. Faizlərin yüksək olması dəfələrlə yüksək səviyyədə deyilsə də, kommersiya bankları kredit faizlərini ciddi şəkildə aşağı salmaqda maraqlı görünmürlər. Bir sıra tədbirlərin görülməsi belə bu sahədə vəziyyəti dəyişməyib. Bütün bunlar da onu göstərir ki, banklar məqsədyönlü şəkildə soyğunçuluqla məşğuldurlar. Bu onu göstərir ki, banklar sahibkarlığın inkişafında, fiziki şəxslərin ucuz kredit resursları əldə etməsində maraqlı deyillər. Əslində, faizlərin yüksək olması banklara qısamüddətli gəlir gətirsə də, strateji baxımdan bankların maraqlarına uyğun deyil. Buna baxmayaraq, yenə də onlar öz işindədirlər”.

Vidadi ORDAHALLI

Son xəbərlər