“Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət cəlb edə bilməməsi onların fəaliyyətində ciddi problem yaradacaq”
Məlum olduğu kimi, Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilib. Bu məsələ Milli Məclisin ötən həftəsonu keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Kredit ittifaqları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Yeni layihəyə əsasən, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq tənzimlənir. Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir. Maraqlıdır, kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb edə bilməməsi onların fəaliyyətinə necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kredit ittifaqları depozit cəlb edə bilmədiyi halda kredit vermək üçün əlavə mənbələrə çıxış imkanı əldə etməlidir: “Məlumdur ki, kredit ittifaqları əmanət qəbul edərək kredit verirdilər. Artıq bu qadağan olunursa, kredit ittifaqları yeni mənbə tapmalıdır. Əlavə mənbə olmasa kredit ittifaqlarının fəaliyyəti mümkün olmayacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, kredit ittifaqları fəaliyyətini davam etdirmək üçün xarici kredit təşkilatlarından vəsait cəlb edərək ölkədə kredit verə bilər. Ancaq bu indiki halda mümkün görünmür. İqtisadçı hesab edir ki, Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət cəlb edə bilməməsi onların fəaliyyətində ciddi problem yaradacaq: “Belə bir qərarın verilməsində məqsəd gələcəkdə problemli kredit məsələsinin yaşanmamasıdır”.
Günel CƏLİLOVA