Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli İnkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin, ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Aydın Hüseynov: “Azərbaycanın enerji sahəsinə həm yerli, həm də xarici investorlar maliyyə yatırmağa maraq göstərir və göstərəcəklər”
Energetika sektoruna özəl investisiyanın yatırılmasının əhəmiyyəti barəsində danışan millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, neft strategiyası ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanın enerji sektorunda uğur qazanmasının səbəblərindən biri ölkəmizin mühum tərəfdaş olmasıdır. Xatırladım ki, Azərbaycan tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri uğurla icra edib”.
Millət vəkili onu da vurğuladı ki, enerji sektoruna investisiyanın yatırılması qeyri-neft sənayesinin inkişaf etməsinə səbəb olacaq. A.Hüseynov hesab edir ki, Azərbaycanın enerji sahəsinə həm yerli, həm də xarici investorlar maliyyə yatırmağa maraq göstərir və göstərəcəklər: “Nəzərə almaq lazımdır ki, böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ilk növbədə ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır”.
Fikrət Yusifov: “Ölkəyə daha çox valyuta daxil olması üçün energetika sektoruna investisiyanın yatırılması vacibdir”
İqtisadçı-ekspert Fikrət Yusifovun sözlərinə görə, sevindirici haldır ki, artıq Azərbaycan enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilib. Elektrik enerjisi bir sıra xarici ölkələrə ixrac olunur: “Bu baxımdan energetika sektoruna özəl investisiyanın yatırılması qeyd olunan sektorun inkişaf etməsinə səbəb ola bilər”.
İqtisadçı onu da vurğuladı ki, ölkəyə daha çox valyuta daxil olması üçün energetika sektoruna investisiyanın yatırılması vacibdir. Bu sahənin inkişafı ölkəyə daxil olacaq valyutanın həcmini artıracaq.
Günel CƏLİLOVA