Məlumatlara görə, Asiya İnkişaf Bankı Azərbaycan manatında istiqraz buraxacaq. Asiya İnkişaf Bankı (ADB) ilk dəfə Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib. Bunu ADB-nin maliyyə və risqləri idarə etmək vise-prezidenti İnqrid van Vees media nümayəndələrinə açıqlamasında bildirib.
O deyib ki, hökumət üzvləri ilə, Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası, potensial sərmayəçilərlə yaxından əməkdaşlıq edirik.
Bankın vitse-prezidenti inkişafda olan ölkələrdə yerli valyutada istiqrazlar bazarının inkişafını iqtisadi artım üçün dönüş nöqtəsi kimi dəyərləndirərək, bununla borcalanların valyuta risqlərindən qoruna bildiyini dilə gətirib: “İndi İndoneziya rupiyahları, Qazaxıstan təngələri, Fillipin pesosu kimi yerli valyutalarda istiqrazlar buraxmış Asiya İnkişaf Bankı vaxtı gələndə Azərbaycan manatı nominasiyalı da istiqraz buraxacağına ümidvardır”.
Maraqlıdır, Asiya İnkişaf Bankının Azərbaycan manatında istiqraz buraxması milli valyutanın möhkəmlənməsinə səbəb ola bilərmi?
Vüqar Bayramov: “Manatın məzənnəsindəki stabillik Asiya İnkişaf Bankının belə bir qərar qəbul etməsinə səbəb olub”
İqtisadçı Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Asiya İnkişaf Bankının üzvü olduğu üçün, milli valyutada istiqraz buraxmaq niyyətindədir: “Azərbaycan manatında istiqraz buraxılmasının səbəbi milli valyutanın məzənnəsinin sabit qalmasıdır. 2017-ci ilin fevral ayından etibarən milli valyutanın məzənnəsi stabil olaraq qalır. Manatın məzənnəsindəki stabillik Asiya İnkişaf Bankının belə bir qərar qəbul etməsinə səbəb olub. Bu baxımdan, manatın məzənnəsinin stabil qalması vacibdir. Gələcəkdə bir sıra beynəlxalq təşkilatların Azərbaycan manatında istiqraz buraxmaq istəkləri ola bilər. Beynəlxalq təşkilatların Azərbaycan milli valyutasında istiqraz buraxması dövlət qurumlarının, özəl təşkilatların istiqrazlara marağının artmasına səbəb ola bilər”.
Günel CƏLİLOVA