PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədib. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini qeyd edib: "Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”.
Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.
Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
"BP Azerbaijan” şirkətindən Trend-ə bildirilib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda "Şahdəniz” platformasının işinə təsir göstərməyib. Məlumatda qeyd olunur ki, profilaktik tədbirlərdən sonra yataqda hasilat və platformanın bərpa işləri tədricən artır: "Kəmərin tamamilə qazla dolması üçün 2-3 gün lazım olacaq. Belə ki, "Şahdəniz” yatağında hasilat bazar günü bərpa edilib, boru kəməri qazla indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb”.
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Trend-ə verdiyi məlumata əsasən, Türkiyənin Dövlət Boru Kəməri Şirkəti "BOTAS” Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin partlamış hissəsini bərpa edir: "BOTAS qaz kəmərində təmir işləri ilə bağlı SOCAR-ı daim məlumatlandırır. Onların hesablamalarına əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək”.