Son günlər devalvasiyanın olacağı barədə məlumatlar geniş yayılıb. Devalvasiyanın olacağı xəbəri yayılandan sonra bazarda dollara tələbat artıb. Onu da qeyd edək ki, Marja.az Bakı şəhərində bir neçə ünvanda qanunsuz valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərdiyini və onları idarə edən mafiyanın ölkədə dolları bahalaşdırdığını bildirir.
Portalın məlumatına görə, həmin məntəqələrdə dolların satış qiyməti 1.71 manatı da keçərək 1.7120 manata yüksəlib. Bu qiymət dünən daha yüksək - 1.7150 manat olub. Dolların alış və satışı ilə məşğul olanlar qiymətlərin daha da yüksələcəyini bildirirlər. Qeyd olunur ki, indiyədək "qara bazar"da dollar 1.7070-1.7080 manat qiymətlərə satılırdı. Portalın qeyri-rəsmi mənbələrə istinadən verdiyi məlumatda, həmçinin, qeyd olunur ki, dollar "qara bazar"a bir neçə bank əməkdaşları tərəfindən ötürülür.
Vüqar Bayramov: “Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, dolların səbət valyutalara, o cümlədən, avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir. Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən də kəskin dəyər itirəcəyi gözlənilmir: “Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir. Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımından sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə, regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur''.
Rəşad Həsənov: “Son günlərdə valyuta bazarında həyəcanlanma yaşanır”
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, ölkədə iqtisadiyyatın əhəmiyyətli hissəsi qeyri-leqaldır. Həmin dövriyyə lazım olduğu vaxtda valyutaya çıxış əldə edə bilmir. Dünyada belə bir yanaşma var - heç olmamaqdansa, “kölgə iqtisadiyyatı”nın olması yaxşıdır. Bu özü də bir iqtisadiyyatdır, çünki o da dəyər, məşğulluq yaradır, ailələrə gəlir verir. Bizim hazırkı vəziyyətə düşməyimiz aparılan iqtisadi siyasətin nəticəsidir: “Onu da deyim ki, bu vəziyyət 3-4 aydır ki, belədir. Məhdud valyuta əlçatanlığı çərçivəsində sahibkarlıq subyektləri və ya vətəndaşlar əziyyət çəkirlər. Məsələn, bir vətəndaş öz əmlakını satıb və 50-100 manatlıq vəsait əldə edib. Hansısa səbəbdən onu valyutaya çevirmək istəyir, onu milli valyutada saxlamaqdan çəkinir. Banklar satmır, o nə etməlidir, “qara bazar”a üz tutur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son günlərdə valyuta bazarında həyəcanlanma yaşanır: “Həm devalvasiya məsələləri burada rol oynayır, həm də ilin sonu olması ilə bağlı subyektlərin xərclərinin, ödəniş öhdəliklərinin artması ilə bağlı faktorlar bazarda tələbi artırır. Bu da “qara bazar”ın özünü təşviq edir”.
Günel CƏLİLOVA