Azərbaycanın rəşadətli ordusunun Dağlıq Qarabağda qalibiyyətindən sonra işğaldan azad olunan torpaqlarımızda tezliklə yenidənqurma işləri başlayacaq. Belə olan təqdirdə Azərbaycan ərazisində müxtəlif şəhərciklərdə məskunlaşan məcburi köçkün olmuş vətəndaşların könüllü şəkildə doğma ərazilərinə qayıdacağı labüddür.
Məcburi köçkün və qaçqınların Dağlıq Qarabağdakı ərazilərə yerləşəcəyi təqdirdə onların buna qədər təmin olunduğu mənzillər boş qalacaq. Könüllü və dövlətin dəstəyi və himayəsi ilə doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın boşaldacağı mənzillərdən hansı istiqamətdə istifadə ediləcəyi və kimlərə təqdim olunacağı hələlik məlum deyil.
Nəzərə almaq lazımdır ki, məcburi köçkünlər üçün Azərbaycanda 110-dan çox şəhərcik salınıb və həmin ərazilərdəki minlərlə mənzilin zamanla boşalacağı istisna deyil. Qarabağa böyük qayıdış başladıqdan sonra daşınmaz əmlak bazarında vəziyyət necə olacaq. Torpaq və daşınmaz əmlak bazarənda vəziyyət necə dəyişəcək?
Ramil Osmanlı: “Bakıda yaşayan məcburi köçkünlər öz yurdlarına qayıtsa, yaşayış binalarının və torpaqların qiymətləri...”
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, boş qalan mənzillər daşınmaz əmlak bazarına böyük təsir edəcək: "Böyük qayıdış planı ilə bağlı detallar bizə məlum olmasa da, görünən odur ki, bu məsələdə könüllülük prinsipi tətbiq ediləcək. Bundan sonra torpaqları işğaldan azad olunan məcburi köçkünlər üçün mənzillə təminetmə proqramı dayandırılacaq. Bu günə qədər mənzillə təmin olunmuş şəxslərin həmin mənzillərdən istifadə etmə imkanları olacaq. Amma böyük bir köç müşahidə ediləcək. Əminəm ki, məcburi köçkünlər bu günün həsrəti ilə yaşayırdılar və onların böyük əksəriyyəti öz yurd-yuvalarına qayıdacaqlar. Belə olan təqdirdə daşınmaz əmlak bazarı üçün böyük bir ehtiyat - hazır mənzillər balansı formalaşacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, mənzillərin bazara təklif edilməsi, ümumiyyətlə, böyük qayıdışdan sonra böyük şəhərlər üzrə, xüsusən də Bakı və Abşeron yarımadası üzrə tələb və təklif nisbətində vəziyyət dəyişəcək. Qeyd edilən və dövlət balansında olan əmlak, həmçinin, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti qiymətlərin optimallaşması üçün əlverişli şərait yarada bilər. Daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsinə və optimallaşmasına, dolayısı ilə mənzil əlçatanlığının artmasına, eyni zamanda, Azərbaycanda əhalinin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaran alətə çevrilə bilər".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, işğaldan azad olunmuş torpaqlara qayıdış bir neçə il çəkəcək. Orada yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Həmin rayonların yenidən qurulmasına həm dövlət, həm də xarici şirkətlər investisiya qoyacaq: “Çox adam düşünür ki, Bakıda yaşayan məcburi köçkünlər öz yurdlarına qayıtsa, yaşayış binalarının və torpaqların qiymətləri düşəcək. Bu belə deyil. Çünki rayonlarda torpağın qiymətinin bahalaşıb, ya ucuzlaşmasının Bakının torpaq bazarına və yaşayış binalarının qiymətinə heç bir təsiri yoxdur. Əksinə, əmlak bazarında qiymətlər qalxa bilər”.
Günel CƏLİLOVA