05/07/2020 07:03
728 x 90

Koronavirusla mübarizə dövründə hamı vahid qaydalara uyğunlaşmaq istəyir – tək banklar öz oyunlarını oynayır...

Vüqar Bayramov: “Bunun əsas səbəbi onunla bağlıdır ki, banklar hər vasitə ilə risqlərini maksimum sığortalamağa çalışırlar”

img

Koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin tədricən yumşaldılmasına, müxtəlif sahələrdə işin bərpa olunmasına baxmayaraq, bankların kreditlərə tətbiq etdikləri qeyri-rəsmi qadağa aradan qaldırılmır. Bankların böyük əksəriyyəti ya kreditləşməni tamamilə dayandırıb, ya da ciddi şəkildə bundan yayınır.

Hətta Azərbaycanın ən böyük banklarında belə istehlak kreditləşməsindən imtina olunur. Ən yaxşı halda, biznes kreditləri çox məhdud sayda, o da yüksək faiz və bahalı girov müqabilində verilir. Hansı ki, Mərkəzi Bank rəhbərliyi ötən ildən istehlak kreditlərinin artmasını zərərli hal kimi qiymətləndirərək, qarşısının alınması üçün addımlar atır.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, banklar istehlak kreditləri verəndə əksər hallarda əhali üzərində risq balansını qorumurlar: “Bank sektoru mənəvi çağırışlara cavab verməlidir. Kreditlər vətəndaşların gəlirinin 50 faizindən aşağı hissəsinə uyğun verilməlidir. Banklar əksər hallarda kredit verəndə vətəndaşın gəlirini nəzərə almırlar”.

O da məlum olub ki, cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb. Artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb.

Belə aydın olur ki, bankların kredit vermək üçün imkanları var. O zaman pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması fonunda banklar kredit verməkdən niyə yayınırlar?

  • “Azərbaycanda kreditləşmə çox vacibdir”

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov bankların kredit verməkdən yayınmasını bir sıra amillərlə əlaqələndirdi: “Kreditlər verilən zaman risqlərin sığortalanması və qiymətləndirilməsi vacibdir. Son dövrlər Mərkəzi Bank tərəfindən kreditlərin verilməsi ilə bağlı yeni şərtlər müəyyənləşib. İş yerindən arayış tələb olunur. Xarici valyutada kredit götürən vətəndaşın xarici valyutada gəlirlərinin olması kimi qaydalar var. Bütün bunlar da, təbii ki, kredit alanların və bundan yararlananların sayına təsir göstərir. Bankların kredit verməkdən yayınmasının əsas səbəbi onunla bağlıdır ki, bu qurumlar hər vasitə ilə risqlərini maksimum sığortalamağa çalışırlar. Müəyyən qədər risqli olan sahələrə kredit vermək istəmirlər. Hansı ki, Azərbaycanda kreditləşmə çox vacibdir. Kredit portfelinin genişlənməsi real sektorun genişlənməsi baxımından önəmli əhəmiyyət kəsb edir. O baxımdan, Mərkəzi Bank postpandemiya dövründə bankların ucuz kredit resurslarına çıxışını genişləndirməlidir. Bununla bağlı bir sıra kompleks tədbirlər görülməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər