01/06/2020 03:52
728 x 90

Sahibkarları kənardan rayona cəlb etmək üçün başçılar nə etməlidir – Prezident tapşırığının asan üsulları var...

Rəsul Cahangirli: “Bunun üçün, ilk növbədə, icra başçısı rayonda investisiya mühitini yaratmalıdır”

img

“Siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar”. Bunu Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır: “Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb. Ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. Hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə, rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol vermək olmaz”.

Rayonlara sərmayənin cəlb olunması vacib məsələlərdən biridir. Çünki investisiyanın cəlbi rayonun inkişafı, iş yerlərinin açılması, boyük şəhərlərə axının azalması, əhalinin rifahının yüksəlməsi və s. deməkdir. Maraqlıdır, sahibkarların cəlb edilməsi ilə bağlı icra başçıları nə etməlidirlər?

  • “Başçı sahibkarları inandırmalıdır ki, qoyduqları sərmayə batmayacaq”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, yerli sahibkarların rayonlara sərmayə qoymalarını təmin etmək çətin məsələ deyil. Bunun üçün, ilk növbədə, icra başçısı rayonda investisiya mühitini yaratmalıdır: “Rayonda, ən başlıcası, investisiya mühiti yaxşı olmalıdır. Hesab edirəm ki, başlıca şərt bundan ibarətdir. Yəni investisiya mühiti yaxşı olmasa, icra başçısı nə qədər bacarıqlı olursa-olsun, ora kapital cəlb edə bilməyəcək. Sərmayələrin cəlbində icra başçısının şəxsi keyfiyyətləri önəmli rol oynayır. İcra başçısı sahibkarları dinləməli, onlarla sistematik iş aparmalıdır. Ən nəhayət, onları inandırmalıdır ki, qoyduqları sərmayə batmayacaq. Belə olarsa, o zaman yerli sahibkarlar böyük həvəslə rayonun investisiya potensialını təhlil edərək, ona uyğun olaraq müxtəlif sahələrə sərmayə qoyacaqlar. Bir çox icra başçısı bunu etmək əvəzinə, sahibkarları sıxışdırır, onlardan haqq tələb edir. Belə olan halda, təbii ki, sahibkarlar rayonlara sərmayə qoymaz. Ona görə də rayonlarda investisiya mühitinin sağlamlaşmasına zərurət var. Elə rayonlar var ki, ora investisiya baxımından çox cəlbedicidir. Bu kimi amillər də nəzərə alınmalıdır. Bütün bu və digər məsələlər həll edilsə, o zaman sahibkarlar rayonlara sərmayə qoymaqda maraqlı olacaqlar”.

Vidadi ORDAHALLI

Son xəbərlər