13/07/2020 02:01
728 x 90

Qorxulu virusla mübarizə şəraitində də sahibkarlara dövlət dəstəyinin yeni mexanizmləri müzakirə edilir

Fikrət Yusifov: “...ticarətlə məşğul olan sahələr güzəştli kreditlə təmin oluna bilər”

img

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla, təkliflər paketi hazırlasın.

Görünən odur ki, hökumət yaranan vəziyyətlə bağlı sahibkarların da üzləşə biləcəyi itkiləri kompensasiya etmək üçün tədbirlər görür. Hələlik bunun konkret nə formada olacağı bəlli deyil. Bu, müxtəlif formada ola bilər. Bəzi ekspertlərin fikrincə, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimələrin hesablanmasının dayandırılması lazımdır. Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var.

Bütün hallarda, ekspertlər bunu necə dəyərləndirir və mexanizm hazırlanarkən hansı məqamlara xüsusi diqqət edilməsini məqsədəuyğun hesab edirlər?

  • “Bütün bu addımların hamısı kompleks olmalıdır ki, koronavirusun yaratdığı neqativ təsirləri müəyyən qədər neytrallaşdırmaq mümkün olsun”

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifov hökumətin sahibkarlara yardımla bağlı müzakirələrə başlamasına müsbət prizmadan yanaşdı. Onun fikrincə, sahibkarlara yardım müxtəlif formalarda ola bilər: “Bununla bağlı bir sıra ölkələrin bəlli praktikası var. Çin və ABŞ başda olmaqla, inkişaf etmiş ölkələrin bununla bağlı praktikası müxtəlif olsa da, onların arasında bənzərlik var. Hesab edirəm ki, həmin ölkələrin praktikası reallıqdan irəli gəlir. Məsələ ondadır ki, bəzi turist və nəqliyyat şirkətlərinə vergi tətilləri verilir. Bu zaman həmin şirkətlərdən alınacaq vergilərin müddəti uzadılır. Fikrimcə, Azərbaycanda sahibkarlıq fəaliyyətinin bəzi sferaları, xüsusən də ticarətlə məşğul olan sahələr güzəştli kreditlə təmin oluna bilər. Yəni sözügedən sahələrdə əhalinin ərzaq təminatı yüksək səviyyədə olsun. Hesab edirəm ki, bütün bu qəbildən olan addımların atılması zəruridir. Deməyim odur ki, burada bir-birilə bağlı olan proseslər var. Yəni bir neçə addımın atılması ilə prosesləri tam nəzarətdə saxlamaq mümkün deyil. Ona görə də kompleks tədbirlər görülməlidir. İlk növbədə, sahibkarların maliyyə təminatını yaxşı səviyyədə saxlamaq lazımdır. Belə bir şəraitdə gərək banklar da fəal olsunlar. Sahibkarların vəsaitə olan tələbatını ödəsinlər. Söhbət daha güzəştli kreditlərin verilməsindən gedir. Fikrimcə, Mərkəzi Bank bu istiqamətdə müəyyən tədbirlər görəcək. Bankların zəruri ehtiyat normalarının aşağı salınması istiqamətində müəyyən tədbirlər görəcək. Bütün bu addımların hamısı kompleks olmalıdır ki, koronavirusun yaratdığı neqativ təsirləri müəyyən qədər neytrallaşdırmaq mümkün olsun”.

Vidadi ORDAHALLI

Son xəbərlər