Bu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7% artaraq 1 641 min nəfər olub, onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Əli Əlirzayev: “Kölgə iqtisadiyyatına qarşı görülən mübarizə tədbirləri muzdla çalışanların sayının artmasına səbəb olub”
Ötən illə müqayisədə muzdla çalışanların sayının artması barədə fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ötən illə müqayisədə muzdla çalışanların sayı artıb: “Məlumdur ki, işçilər rəsmi qaydada işə götürülür. Bununla yanaşı, işə götürülən işçilərin sayı ötən illərlə müqayisədə gizlədilmir. Məlumdur ki, hansısa sahibkar bunu etsə, o, inzibati qaydada cərimələnir. Kölgə iqtisadiyyatına qarşı görülən mübarizə tədbirləri muzdla çalışanların sayının artmasına səbəb olub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarlığın inkişafı məqsədilə görülən tədbirlər sayəsində iş yerlərinin sayı artır. Muzdla işləyənlərin müəyyən faizi təhsil, ticarət, nəqliyyat vasitələrinin təmiri, sənaye, həmçinin, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, tikinti, nəqliyyat və anbar təsərrüfatı, eyni zamanda, 3,4%-i faizi peşə, elmi və texniki fəaliyyət və digər iqtisadi sahələrdə çalışıb.
Günel CƏLİLOVA