Xəbər verildiyi kimi, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar vergidən azad olunub. Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə” Qərar imzalayıb.
Qərara əsasən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar 2019-cu il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddırlar.
Ekspertlərin fikrincə, elm, təhsil, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların vergidən azad olunması bu sektorun inkişaf etməsinə səbəb olacaq.
“…bu sektorun daha da keyfiyyətli fəaliyyət göstərməsinə səbəb olacaq”
İqtisadçı-ekspert Ruslan Atakişiyev bizimlə söhbətində qeyd etdi ki, elm və təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin vergidən azad olunması bu sektorun daha da keyfiyyətli fəaliyyət göstərməsinə səbəb olacaq: “Məlumdur ki, son zamanlar elm və təhsil sahəsində müəyyən problemlər yaşanırdı. Qeyd olunan sahənin vergidən azad olunması elmi kəşflərin artmasına, təhsilin dirçəlməsinə şərait yaradacaq. Bununla yanaşı, idman və mədəniyyət sahəsinin vergidən azad olunması ilə bu sahədə fərqliliklərin müşahidə edilməsinin şahidi olacağıq. Onu da bildirim ki, bu qərar dövlət tərəfindən təsis olunmuş müəssisə və təşkilatlara şamil olunur”.
Günel CƏLİLOVA