Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “Neftçi” futbol klubuna transfer qadağası tətbiq edib. Bu barədə qərar dünyanın ən böyük idman təşkilatının rəsmi saytında dərc edilib.
Qərara əsasən, kişilərdən ibarət “Neftçi” futbol komandası 5 may 2026-cı ildən başlayaraq qarşıdakı üç transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.
Klubdan məsələ ilə bağlı rəsmi açıqlama da verilib. Bildirilib ki, transfer qadağasının texniki problemlerlə əlaqədardır, tez bir zamanda aradan qalxacaq: “Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”.
Qeyd edək ki, bu qadağalar əsasən maliyyə mübahisələri və ya müxtəlif normativ qayda pozuntuları səbəbindən tətbiq edilir.