17-19 dekabr tarixlərində Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə ATF-in məşq zalında taekvondo idman növü üzrə milli və beynəlxalq hakimlər üçün təkmilləşdirmə kursu, yeni hakim olmaq istəyənlər üçün isə seminar keçirilib. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. Ümumilikdə seminar və kursda 47 nəfər iştirak edib. ATF-in Hakimlər komitəsinin sədri Gündüz Abdullayev və Hakimlər komitəsinin sədr müavini Aygül Abdullayevanın rəhbərliyi altında keçirilən kurs və seminar nəzəri və təcrübi hissədən ibarət olub. Dekabrın 19-da yeni hakim olmaq istəyən seminar iştirakçıları milli hakim kateqoriyası əldə etmək üçün imtahanda iştirak ediblər. Sonda seminar və kurs iştirakçılarına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov tərəfindən ATF-in sertifikatları təqdim olunub. Təqdimetmə mərasimində ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, federasiyanın baş katibi Rüstəm Bağırlı və ATF-in hüquqşünası Faiq Allahverdiyev də iştirak ediblər. Qeyd edək ki, kurs və seminar 24-29 dekabr tarixlərində yeniyetmə, gənclər və böyüklər arasında keçiriləcək respublika birinciliyi və çempionatına, eləcə də 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlara seçim xarakteri daşıyıb.
İradə SARIYEVA