
“Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxt yox idi. Çünki transfer bazarı bağlanmaq üzrə idi. Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum klub tərəfindən də danışıq aparmağa razılıq var idi. Buraya gəlmək üçün çox istəkli idim. Danışığın müsbət yekunlaşması məni çox sevindirdi".
"Neftçi"nin yeni transferi Lukas Melano klubun telekanalına açıqlamasında bir sıra fikirlər səsləndirib. Argentinalı hücumçu özünü çox yaxşı formada hiss etdiyini vurğulayıb: "Ötən həftə keçmiş klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə sağollaşmağa həsr etdim. Növbəti gündə hazırlaşdım. Üçüncü günümü isə təyyarəyə minib buraya gəlməyə sərf etdim.
Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum Xorxe Korrea burada oynamışdı. Uşaq yaşlarında Argentinada birlikdə çıxış etmişik. Mənə təklif gəldikdən sonra ilk olaraq onunla əlaqə saxladım. Klub, insanlar, şəhər və çempionat haqqında çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə mənə çox kömək oldu" - deyə o bildirib.
Mətləb