Milli idmanımızın çöküşünə daha bir fakt - basketbol komandamız reytinq siyahısından çıxarıldı...

img

Son zamanlar Azərbaycan idmanının böyük çöküş yaşaması hər bir vətandaşı dərindən məyus edir. Məlum olduğu kimi, bir neçə gün əvvəl basketbol üzrə Azərbaycan milli komandası dünya ölkələrinin reytinq siyahısından çıxarıldı. Əslində bu haqlı qərardır, çünki basketbol yığma komandamız düz 8 ildir heç bir rəsmi oyuna çıxmayıb.

Hazırda davam edən Voleybol üzrə Avropa Çempionatı da bizim üçün xəyal qırıqlığına səbəb oldu. Azərbaycan milli yığması bütün oyunlarda 3-0 hesabı ilə məğlub olaraq, qrup sonuncusu oldu. Üstəlik milli komandamızda, demək olar ki, heç yerli voleybolçumuz da yoxdur. Təəssüflər olsun ki, voleybol Liqamız da fəaliyyətini dayandırıb.

Maraqlıdır, idmanın bütün sahələrində yaşanan bu fiaskonun səbəbi nədir? Niyə ölkəmiz idmanın bütün sahələrində belə arzuolunmaz vəziyyətə düşür?

  • Aydın Bağırov: “Bu gün idmanın əksər sahələrində geriləmə müşahidə edilir, bunun da əsas səbəbi maliyyə çatışmazlığıdır”

Tanınmış idman jurnalisti Aydın Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün idmanın əksər sahələrində geriləmə müşahidə edilir: “Bunun da əsas səbəbi maliyyə çatışmazlığıdır. Əvvəllər basketbol, həndbol və digər digər idman növlərinə vəsait yatırılırdı. Federasiyalara, komandalara ayrılan pulun kəskin şəkildə azalması yerli çempionatın nəticəsinə təsir etdi. Maliyyə çatışmazlığının nəticəsində idmançılarımız beynəlxalq yarışlarda uğursuz nəticə göstərdilər”.

  • Elxan Qarayev: “İdman sahəsindəki problemlər kökündən həll edilməlidir”

Idman eksperti Elxan Qarayev bildirdi ki, ölkədə 60-dan çox idman federasiyası olsa da, işini düzgün qura bilmir. İdman federasiyaları idmançılara vəsait xərcləmək istəmir. Əvvəl bu sahədə vəziyyət bir qədər fərqli idi. Yeri gəldi-gəlmədi legionerləri cəlb edirlər. Bu da yerli məşqçilərdə, idmançılarda ruh düşkünlüyü yaradırdı: “Basketbol da Azərbaycanda ənənəvi olmayan idman növlərindən idi. Ona görə də bu idman növünün inkişaf etməməyini müəyyən mənada qəbul etmək olar. Amma voleybolun, həndbolun məhv olması bağışlanmazdır. Axı bu idman növlərində Azərbaycandan Olimpiya çempionları yetişib. İdman sahəsindəki problemlər kökündən həll edilməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər